Pensiya kartlarını oğurlayan şəxs saxlanılıb

Kart

Nərimanov rayonunda vətəndaşa qarşı dələduzluq edilib.

XALQ.AZ-ın məlumatına görə, vətəndaş Hüseynova Qızılgül Qubad qızı Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsinə ərizə ilə müraciət edərək tanımadığı şəxsin ona məxsus təqaüd kartından pul çıxardığını bildirib. Dərhal əməliyyat axtarış tədbirlərinə başlayan bölmə əməkdaşları cinayətdə şübhəli bilinən 44 yaşlı Əliyev Zakir Mikayil oğlunu saxlayaraq istintaqa təhvil veriblər.

Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan narkotik vasitə olan heroin aşkar olunub. Saxlanılan şəxs dələduzluq yolu ilə əldə etdiyi pulları ailəsinə yox, narkotik maddələrə olan tələbatını ödəmək üçün xərcləyib.

Əvvəllər də məhkumluq həyatı yaşamış Zakir həbsxanadan çıxdıqdan sonra fəhləliklə məşğul olub. Fəhləlikdən pul qazana bilmədiyini deyən saxlanılan şəxs, asan pul qazanmaq üçün yaşlı insanları aldatmağı özünə peşə seçib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb, araşdırmalar davam edir.