Pensiyaçılarla bağlı vacib təklif

Dünyanın heç bir ölkəsində qanunvericilik çərçivəsində pensiya yaşının azaldılmasına baxılmır.

Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev bildirib.

 

O bildirib ki, bu gün dünyada uzunömürlülük artır.

 

“Pensiya yaşının azaldılması əvəzinə artırılması bu gün dünyada müzakirə olunur. Ona görə də azaldılması məsələsini gündəmə gətirəndə bunu nəzərə alasınız”, – deyə deputat bildirib.

 

Deputat xatırladıb ki, hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var.

 

“6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min nəfərə çatacaq, 2040-ci ildə 1 milyon 600 min nəfər olacaq. Yəni insan ömrünün uzanması ilə bağlı məsələlər gedir. Biz muzdlu qaydada çalışan insanların sayını artırmalıyıq. 5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb əməklə məşğuldur”, – Musa Quliyev əlavə edib.

Həmçinin deputat qeyd edib ki, şəhid ailələrinin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilmə yaşı ləğv edilməlidir.

“Belə ki, müharibə veteranları üçün yaş məhdudiyyəti yoxdur. Bu şəxslər üçün də belə güzəştlər tətbiq edilməlidir. Bildiyiniz kimi, bu yaş 23-dür. Bu, ləğv edilməlidir”,- deyə o bildirib.