Peşə məktəbini bitirənlər iş tapa bilmir
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib.
“Təhsil haqqında” qanunun müzakirəsi zamanı millət vəkili Fatma Yıldırım komitə iclasında çıxış edərək təkliflərini bildirib.
Milli Məclisin deputatı Fatma Yıldırım qeyd edib ki, bu gün dövlətimizin əsas siyasəti işğaldan azad olunmuş əraziləri yenidən qurmaqdır: “Kənd və şəhərlərimiz yerlə-yeksan olmuşdu. Görülən işlər isə dünyaya mesajdır ki, biz qayıtmışıq. Təhsil də burda önəmli sahələrdən biridir. Peşə təhsilinə yalnız gənclər yox, orta yaşlı insanlar da üz tuturlar. Artıq əmək bazarında özünü təsdiq etmiş şirkətlər normativlərində ixtisas sənədi tələb edir. Ona görə də artıq insanlar başa düşür ki, peşə təhsili müəssisələrinə getməlidirlər. Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgəsi böyük inşaat alanı sayılır. Oradakı müəssisələr də bu peşə məktəbində təhsil almış, məzun olmuş şəxsləri işlə təmin etməlidir. Məsələn, 2021-ci ildə Bərdədə açıqlan peşə məktəbi müasir standartlara cavab verir. İnsanlar Bərdədə peşə məktəbini oxuyur, müvəffəqiyyətlə bitirir, amma hara müraciət etməlidirlər? Dövlət Məşğulluq Agentliyinin nümayəndələri bildirir ki, çoxlu vakansiyalar var. Mən belə millət vəkili olaraq müraciət edəndə deyirlər ki, orada məskunlaşmış insanlara üstünlük veririk. Tək təhsil verməklə iş bitmir, təhsil almış insanlar işlə bağı zəmanəti, gələcəklərini görmək istəyirlər”.