“Polislər öz xidməti borcunu ləyaqətlə yerinə yetirir”

“102 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçərək, xalqa və dövlətə sədaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanlarının asayişin qorunmasında xüsusi xidmətləri hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunması bunun bariz nümunəsidir.”

XALQ.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev deyib.

E.Hacıyev bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Polis orqanları öz xidməti borcunu ləyaqətlə yerinə yetirərək, əhalinin təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır:

“Hazırda koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi günlərində Azərbaycan polisinin də üzərinə məsuliyyət düşür. Polislərimiz bu günlərdə gücləndirilmiş iş rejimində çalışır, vətəndaşlarımızın sağlamlığı naminə qətiyyətli addımlar atır, yüksək peşəkarlıq nümayiş etdirir. Cənab Prezident İlham Əliyev tərəfindən bu peşə bayramı ərəfəsində şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və xidmətdə fərqlənən bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsi barədə qəbul etdiyi qərarlar hər bir polis əməkdaşının gərgin əməyinə verilən ali qiymətin nümunəsidir.”

Milli Məclisin deputatı xalqımızın və dövlətinin keşiyində olan Azərbaycan polisini bu əlamətdar gün münasibətilə təbrik edib, dövlətimiz və cəmiyyətimiz üçün önəmli fəaliyyətlərində uğurlar arzulayıb: 

“Torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı öz xidməti vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirərək şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının xatirəsini ehtiramla anırıq.”