Polis rəisini və oğlunu güllələyən şəxs qaçıb

Tufang-1

Xalq.az xəbər verir ki, Bakıda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə qonşular arasında baş verən mübahisə zəminində olub.

Belə ki, Suraxanı rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərov yaşadığı Sabunçu qəsəbəsində yerləşən məktəbin ərazisində iş görmək istəyən zaman Gülağa (soyadı məlum deyil) adlı qonşu ora gələrək ərazinin ona məxsus olduğunu bildirib. Bu zaman aralarında mübahisə düşüb. Gülağa yaşadığı evdən ov tüfəngini götürərək, A. Nəzərova və onunla gələnlərə güllə atıb. Bu zaman güllələrdən biri qonşuları sakitləşdirmək istəyən digər qonşu Fərid Qədirova dəyib. O, aldığı güllə yarasından dünyasını dəyişib.

A.Nəzərov və oğlu Asif, həmçinin onların yanında olan daha bir qonşu, Yusif Əlipaşayev də güllə xəsarəti alıblar.

Polisdən həmçinin bildirilib ki, hadisəni törədən şəxs qaçıb, onu saxlamaq hələlik mümkün olmayıb.

Hazırda həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, ölən Fərid Qədirovun 2 az yaşlı övladı olub.