Polkovnik Firudin Nəbiyev: “Bütün qazilərimizin müalicəsi tam başa çatdıqdan sonra ordudan tərxis olunur”

“Ordudan tərxis olunmayan hərbi qulluqçular istənilən vaxt Müdafiə Nazirliyinin müalicə müssisələrinə müraciət edə bilərlər. Onların müraciəti ilə bağlı heç bir problem yoxdur”.

XALQ.AZ xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

O bildirib ki, ordudan tərxis olunan şəxslər Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində olan xəstəxanalara müraciət edə bilərlər:

“Həmin şəxslər bizə müraciət edəndə onları hansı yerlərdə müalicə olunmaq lazımdırsa, ora yönləndiririk. İndi qazilərimizə respublikada həddindən artıq hörmət var”.

Həmçinin Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev  bildirib ki, döyüşlərdə 159 tibb xidmətinin işçiləri yaralanıb. Vətən müharibəsində 10-u həkim olmaqla 42 tibb işçimiz şəhid olub.

Daha sonra Firudin Nəbiyev qey edib ki,hazırda Müdafiə Nazirliyində ehtiyata buraxılmamış qazilərimizin dərman təminatını poliklinika və müalicə müəssisələri verir”. Tərxis olunanların isə bütün təminatını müraciət etdikləri xəstəxanalar təmin edir.

“Qazilərimizdən tərxis olunanlar və hazırda xidmətdə olanlar var. Onların hamısı hazırda ordudan tərxis olunmayıb. Ordudan tərxis olunmaq üçün tələblər var. Yəni bir yaralı son nəticə məlum olmayana qədər ordudan tərxis oluna bilməz. Onun müalicəsi tam başa çatmalıdır”

“Amma o adamların ki, müalicəsi başa çatıb, onların, demək olar ki, hamısı tərxis olunub. 200-ə yaxın qazimiz hazırda təyin olunan pensiyalarını da alırlar. Ordudan tərxis olunduqdan sonra onların sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəririk. Orada onların məsələsinə baxılır. Hazırda tərxis olunmayanların bəzilərinə evdə məzuniyyət verilir. Evdə məzuniyyət o adamlara verilir ki, qazimizin qolu sınıb, sümüklərində sınıqlar var. Onlara müalicə proseduru edildikdən sonra evdə daha yaxşı reabilitasiya olurlar”, – o bildirib.