Prezidentə və Birinci vitse-prezidentə minnətdarlıq etdilər

“Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşlar işlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

XALQ.AZ xəbər verir ki, Birinci vitse-prezidentin “Azərenerji” ASC-yə verdiyi göstərişə uyğun olaraq müvafiq işlə təmin edilən əməkdaşlar qeyd ediblər:

“Biz çox şadıq ki, ölkəmizin Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezidet Mehriban xanım Əliyeva bizim – “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-nin işçilərinin yazdıqları ərizəyə öz reaksiyalarını veriblər və ixtisara düşmüş işçilərin işə bərpa olunması haqqında göstəriş veriblər”.

Xatırladaq ki, yanvarın 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə göstəriş verib.

2018-ci il dekabrın 13-də bir qrup şəxs “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də tutduğu vəzifəsindən azad olunması ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktubla müraciət edib. Müraciətin araşdırılması nəticəsində məlum olub ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar enerji sisteminin dövlət əhəmiyyətli strateji obyektlərində təxribat və terror xarakterli əməllərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər kimi bu obyektlərin mühafizəsinin Daxili İşlər Nazirliyinin Mühafizə polisi tərəfindən aparılması barədə qərar qəbul edilib. “Azərenerji” ASC tərəfindən “Azərbaycan İES” MMC-nin mühafizəsinin zəruri hissəsi Daxili İşlər Nazirliyinə həvalə olunduğundan, Mingəçevir və Varvara Su Elektrik Stansiyalarının mühafizəsinin böyük hissəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən, eləcə də “Azərbaycan İES” və bir sıra stansiyalarda ağıllı müşahidə kameraları quraşdırıldığından və hasarlama işləri aparıldığından bəzi işçilərin ixtisarı barədə qərar qəbul olunub.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva məsələnin işçilərin əmək hüquqlarının bərpa olunması şərti ilə operativ həllinə və onların müvafiq işlə təmin olunmasına dair göstəriş verib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.