Prezidentə təbriklər gəlməkdə davam edir – YENİLƏNİB

Macarıstanın Prezidenti Katalin Novak Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident!

İcazə verin, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan vətəndaşlarını təbrik edim.

Azərbaycan Respublikası ilə əlaqələr Macarıstan üçün xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, şadam ki, Sizin bu ilin yanvar ayında ölkəmizə səfəriniz zamanı biz əlaqələrimizi genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişik.

Sizi əmin edə bilərəm ki, Macarıstan ölkələrimiz arasında əməkdaşlığın daha dinamik inkişafına sadiq qalır. Sentyabrda keçiriləcək beşinci Budapeşt Demoqrafik Zirvə toplantısına dəvətimə verdiyiniz cavaba və Azərbaycanın görüşdə yüksək səviyyədə təmsil olunacağını təsdiqlədiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və məsul vəzifənizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram”.

 

İsveçrə Konfederasiyasının Prezidenti Alen Berse Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Man bu fürsətdən istifadə edərək, vətəndaşlarınıza və ölkənizə xoşbəxtlik və əmin-amanlıq dolu gələcək arzulayıram.

Əminəm ki, biz gələcək illərdə ikitərəfli əlaqələrimizi daha da genişləndirə biləcəyik.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

 

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının hökuməti və xalqı adından Sizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram”.

 

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Cənab Prezident!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram”.

 

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri!

Ukrayna xalqı adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Ölkələrimiz arasında münasibətlər dərin tarixi köklərə malikdir və qarşılıqlı etimada, hörmətə, səmərəli əməkdaşlığa əsaslanır. Əminəm ki, biz Kiyev və Bakı arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığın mövcud potensialını birgə səylərlə maksimum dərəcədə həyata keçirə bilərik.

Bu il 100 illiyi qeyd olunan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir ki, müstəqillik yolu qədər çətin yol yoxdur. Eyni zamanda, bütün çətinliklərə baxmayaraq, ölkələrimiz bu yolda inamla irəliləyir. Dövlətimiz və bütün sivil dünya üçün bu çətin zamanda, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi dönəmində Azərbaycanın ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair ardıcıl mövqeyinə görə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi üzrə Ukraynanın dəyişməz mövqeyini də bir daha təsdiq edirəm.

Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, güclü və firavan Azərbaycanın inkişafı yolunda yeni nailiyyətlər, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram”.