Prezident: Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.

Xalq.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.

 

***

Prezident daha sonra bu fikirləri də səsləndirib.

Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

“Bilirəm ki, həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: iki proses paralel getməlidir. Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

 

***

“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir”.

Dövlətimizin başçısı fikrini belə əsaslandırıb: “Çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın – Avropa və İslam sivilizasiyalarının dəyərlərini böyük dərəcədə qəbul edib”.

 

***

 

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik”.

Dövlətimizin başçısı əlavə edib ki, bu təsisatın tarixində heç zaman keçmiş SSRİ respublikası ilə bu cür görüş olmayıb. Hətta Ukrayna, Gürcüstan və Moldova ilə bu cür görüş keçirilməyib.+