Prezident Azərbaycanı regionun lider dövlətinə, beynəlxalq arenada etibarlı tərəfdaşa çevirib

Bu, danılmaz bir faktdır ki, son 17 ildə Azərbaycanın keçdiyi yol, daxili və xarici siyasətdə qazandığı uğurlar məhz Prezident İlham Əliyevin şəxsiyyəti, xarizması, liderlik keyfiyyətləri ilə bağlıdır. Daha dəqiq desək, Prezident İlham Əliyevin rəhbərliyi ilə bəhs edilən dövrdə həyata keçirilən genişmiqyaslı işlər, həyatımızın bütün sahələrinin inkişafına hədəflənən islahatlar nəticəsində Azərbaycan regionun lider dövlətinə, beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanması isə cənab İlham Əliyevin siyasi cəbhədə olduğu kimi, hərb meydanında da yüksək liderlik keyfiyyətini bütün dünyaya nümayiş etdirdi.

Bunu  Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, bəhs edilən dövrdə Azərbaycanın keçdiyi yola nəzər saldıqda biz Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən, həmçinin reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Yəni, Prezident İlham Əliyev həyata keçirilən siyasətdə, ilk növbədə, dövlətin və xalqın mənafeyini əsas tutur.

Bunun heç də təsadüfi olmadığını deyən deputat qeyd edib ki, Prezident İlham Əliyev atdığı hər bir addımda, reallaşdırdığı hər bir siyasətdə hər zaman xalqa arxalanıb, xalqdan güc alıb və xalqına güc verib. Öz növbəsində, Azərbaycan xalqı da son 17 ildə hər zaman dövlət başçımıza güvənib və bütün məsələlərdə ona dəstək verib. Beləliklə, xalq-Prezident birliyindən güc alan inkişaf siyasəti Azərbaycanın gücünə güc qatıb.

“Prezident İlham Əliyev xalqın, birmənalı şəkildə, dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir”, – deyən Vüqar İskəndərov əlavə edib ki, xalqımız dövlət başçımıza böyük inamını və dəstəyini 2018-ci il 11 aprel tarixində keçirilən son prezident seçkilərində növbəti dəfə nümayiş etdirdi. Belə ki, həmin seçkilərdə cənab İlham Əliyevə səs verərək onu növbəti 7 il üçün Azərbaycanın Prezidenti seçən xalqımız bununla da öz liderinə sonsuz inamını bir daha ortaya qoydu.

Dövlət başçısının rəhbərliyi ilə ötən 17 il ərzində həyata keçirilən siyasətin, eyni zamanda, ölkəmizin ərazisində yaşayan müxtəlif milli, dini mənsubiyyətə malik insanları birləşdirən bir siyasət olduğunu deyən deputat bildirib ki, məhz bunun nəticəsidir ki, bu gün dünyanın ayrı-ayrı ölkələrindəki xoşagəlməz mənzərələrdən fərqli olaraq Azərbaycanda multikulturalizm kifayət qədər yüksək səviyyədədir, dövlət milli birliyin daha güclü şəkildə təmin olunmasına böyük önəm verir.

“Prezident İlham Əliyevin praqmatik, uzaqgörən, ümummilli məsələlərə kifayət qədər həssas münasibət bəsləyən lider olduğunu onun son 17 ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması əyani şəkildə təsdiqləyir”, – deyən deputat vurğulayıb ki, dövlətimizin başçısı bəhs olunan dövrdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan münaqişənin həllini ölkəmizin gündəliyinin mərkəzində saxladı. Prezident İlham Əliyev 17 il ərzində apardığı məqsədyönlü siyasət sayəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə hüquqi zəmin yaratmağa nail oldu. Məhz bunun nəticəsidir ki, Azərbaycanın özünün ərazi bütövlüyünün təmin olunması uğrunda apardığı Vətən müharibəsi beynəlxalq səviyyədə böyük həssaslıqla izlənildi və xaricdəki erməni lobbisinin təsiri altında olan bəzi dövlətlərin təzyiq cəhdlərinə rəğmən, ölkəmiz 44 günlük müharibəni qələbə ilə başa vurdu. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, istər 44 günlük müharibə zamanı, istərsə də müharibədən sonra nüfuzlu beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin yüksək səviyyəli rəsmilərinin Dağlıq Qarabağın və ətraf 7 rayonun Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə bəyanatlar vermələri ölkəmizin mövqeyini gücləndirən amil qismində çıxış etməklə yanaşı, məhz cənab Prezidentin rəhbərliyi ilə ötən 17 il ərzində həyata keçirilən xarici siyasətin nəticəsidir.

“Vətən müharibəsindən söz düşmüşkən, məlum olduğu kimi, Prezident İlham Əliyev, həmçinin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini istisna etmirdi və zaman Azərbaycanın dövlət başçısının haqlı olduğunu təsdiqlədi. Eyni zamanda, son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və davamlı iqtisadi inkişafa, ölkəmizin hər cəhətdən güclənməsinə, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatının möhkəmləndirilməsinə hesablanmış siyasətin bəhrəsini də 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Dövlətin gücündən güc alan, Prezidentin hərtərəfli diqqət və qayğısı nəticəsində dünyanın 50 ən güclü orduları sırasına yüksələn Azərbaycan Ordusu düşmən ordusunu darmadağın edərək, ona ölümcül zərbə vurdu. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar, yaradılan müasir infrastruktur respublikamızda iqtisadi fəallığın artmasını şərtləndirib. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3,4 dəfə olmaqla məhz Azərbaycanda qeydə alınıb. Respublikamız son 17 ildə geniş iqtisadi-maliyyə imkanlarından bəhrələnməklə Silahlı Qüvvələrinin maddi-texniki təchizatını möhkəmlətməyə, döyüş hazırlığını yüksəltməyə nail olub”, – deyə deputat qeyd edib.

Qırx dörd günlük Vətən müharibəsində Qələbəmizin memarının məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev olduğunu vurğulayan deputat əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı: “Cənab Ali Baş Komandan Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Bütün bunlar onu deməyə əsası verir ki, Prezident İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsiyyətdir”.