Prezident Bərdədə-Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də Bərdə rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Bərdə şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydu.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verdi.

 

 


Martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub.

Fermer Musa Quliyev üç ildir pambıqçılıqla məşğul olur.

Prezident İlham Əliyevə məlumat verildi ki, ötən il bu fermer təsərrüfatı tərəfindən 15 hektar sahədə pambıq əkilib və 40,5 ton məhsul götürülüb. Məhsuldarlıq hər hektara 27 sentner təşkil edib. Bu il isə 20 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya hər hektardan 35 sentner məhsul götürülməsi hədəf qoyulub.

Diqqətə çatdırıldı ki, təsərrüfatda 25 işçi çalışır.

Azərbaycan Prezidenti pambıqçılarla görüşdü.

Ölkəmizdə pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən pambıqçı Sədaqət AĞAYEVA dedi:

-Xoş gəlmisiniz cənab Prezident. Sizinlə hər dəfə görüşəndə çox şad oluruq. Çox sevinirik ki, iş yerlərimiz artır. Ayda 300-350 manat maaş alırıq. Yaxşı dolanırıq, çox sağ olun. Allah Sizin, Mehriban xanımın canını sağ eləsin, Novruz bayramınız da mübarək olsun.

Prezident İlham ƏLİYEV dedi:

-Çox sağ olun. Mən də sizi Novruz bayramı münasibətilə təbrik edirəm. Səpin başlayır. Sizə bol məhsul arzulayıram.

Şadam ki, Bərdə rayonunda pambıqçılığın şöhrəti bərpa olunur. Vaxtilə böyük işlər görülmüşdü. Siz yaxşı bilirsiniz ki, 1970-1980-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə ölkəmizdə, o cümlədən Bərdə rayonunda pambıqçılıq geniş vüsət almışdı. Bərdə o vaxt pambıqçılıq sahəsində aparıcı rayonlardan biri idi. O vaxt əlbəttə ki, Azərbaycanda daha çox pambıq yığılırdı, 1981-ci ildə təxminən bir milyon tona çatmışdı. Təkcə Bərdə rayonu o vaxt 120 min ton pambıq təhvil verirdi. Ancaq əfsuslar olsun ki, son illər ərzində pambıqçılıq tənəzzülə uğramışdı. Ona görə, ciddi tədbirlər görüldü, dövlət bu işə lazımi dəstəyi göstərdi və qısa müddət ərzində pambıqçılıq sürətlə inkişaf etməyə başlamışdır, o cümlədən Bərdə rayonunda. Məndə olan məlumata görə, 2015-ci ildə Bərdədə cəmi 3 min ton pambıq yığılmışdır. Keçən il isə 22 min 400 ton. Görülən tədbirlər nəticəsində iki il ərzində pambığın tədarükü təxminən 7-8 dəfə artmışdır. Bax, bu texnika təzə texnikadır. Özü də bu traktorlar Azərbaycan istehsalıdır. Vaxtilə biz bu istehsalı “Belarus” şirkəti ilə birlikdə Gəncə şəhərində qurmuşuq. İndi də fermerlərin tələbatını yerli texnika ilə tam ödəyirik. Digər qoşqular, bunlar xaricdən gətirilib, gübrələr indi lazımi həcmdə verilir, suvarma işləri təşkil olunur. Yəni, pambıqçılığın inkişafı üçün bütün lazımi tədbirlər görülür. Yerli və mərkəzi icra orqanları, fermerlər, şirkətlər bu işlərdə çox fəal çalışırlar. Əlbəttə ki, vətəndaşlar üçün yeni iş yerləri yaradılır.

Bərdədə pambıqçılığın çox böyük ənənələri var. Burada yaşayan insanlar bu işi yaxşı bilirlər. İndi isə biz pambıqçılığı demək olar ki, bərpa etmişik. Əminəm ki, növbəti illərdə daha yüksək nəticə olacaq, məhsuldarlıq daha da artacaq. Buna imkan var. İndi fermer məlumat verdi ki, keçən il hektardan 27 sentner məhsul götürüb. Bu il isə öhdəlik götürüb ki, 35 sentner götürəcək. Məncə, tam realdır. Bu texnikanı, sizi, bu gübrələri, buraya gələn su xətlərini görəndə inam yaranır ki, məhsuldarlıq daha da yüksək ola bilər.

Beləliklə, həm iş yerləri yaradılır, həm ölkə iqtisadiyyatına, yerli istehsala təkan verilir. Çünki indi pambıqçılıq üçün lazım olan bir çox texnikanı, o cümlədən suvarma texnikasını biz özümüz istehsal edirik. Əgər bütün aqrotexniki tədbirlər düzgün təşkil olunarsa, hesab edirəm ki, ölkə üzrə hektardan məhsuldarlıq ən azı 20 sentner olmalıdır. Keçən il bir qədər aşağı idi. Biz bu məsələ ilə məşğuluq. Sabah keçiriləcək müşavirədə bu il görüləcək işlər haqqında danışacağıq. Ancaq məhsuldarlığın artırılması bizim üçün əsas hədəf olmalıdır.

Mən göstəriş vermişdim ki, daha çox iş yeri yaratmaq üçün, ilk növbədə, gərək vətəndaşlar bu işlərə dəvət olunsunlar, yaxşı məvacib verilsin. Biz pambığın satınalma qiymətini artırmışıq, indi 60 qəpikdir. Biz 45 qəpikdən başlamışdıq, sonra 50 qəpik oldu, indi 60 qəpikdir. İndi hər şey sizdən asılıdır. Nə qədər çox pambıq yığsanız məvacibiniz də o qədər çox olacaq. Mən istəyirəm ki, çox yığasınız, çox qazanasınız və ailə büdcənizə də yaxşı töhfə verəsiniz. Xüsusilə nəzərə alsaq ki, pambıqçılıqda kişilərlə bərabər daha çox qadınlar işləyir. Belə olan halda, ailə büdcəsinə hər iki tərəfdən vəsait daxil olacaq.

Görülən işlərlə bağlı sizi təbrik edirəm. Gələcək işlərinizdə sizə uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonra səpin işlərinə başlanıldı.

Daha sonra xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev təsərrüfatda istifadə olunan texnikalara baxdı.

Məlumat verildi ki, səpin işlərinə lazımi texnikanın cəlb edilməsi üçün “Azərpambıq” MMC ilə müqavilə imzalanıb. Bildirildi ki, yeni texnikalar fermerlərin işini asanlaşdırmaqla yanaşı, məhsuldarlığın da artmasına geniş imkanlar açır.

 


Martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub.

Azərbaycandakı tarixi-dini abidələr ölkəmizin tarixinin zənginliyini sübut edir. Belə abidələrdən biri də Bərdə rayonundakı Bərdə türbəsi və Torpaqqala kompleksidir. Bu məkanın əsaslı şəkildə yenidən qurulması Azərbaycan dövlətinin mədəni irsimizə qayğıkeş münasibətinin bariz nümunəsidir. Tarixi kompleksin əsaslı yenidən qurulması, ilk növbədə, zəngin mədəni irsimizin qorunması, inkişafı və bərpası istiqamətində atılan addımların ardıcıl olduğunu göstərir. Bu layihənin icrası, eyni zamanda, bölgələrimizin qədimliyini, tarixi, dini, mədəni abidələrlə zənginliyini dünyaya çatdırmaq baxımından da böyük əhəmiyyət daşıyır, turistləri ölkəmizə cəlb etmək nöqteyi-nəzərindən mühüm rol oynayır. Bərdədə bu layihənin həyata keçirilməsi bir daha sübut edir ki, Azərbaycanda tarixi, dini, mədəni abidələrin qorunub saxlanılaraq, gənc nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin bütün bölgələrini əhatə edir və bu prosesdə İslam abidələrinin, onun müqəddəs dəyərlərinin mühafizəsi xüsusi əhəmiyyət daşıyır.

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Prezident İlham Əliyevə məlumat verdi ki, Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən tikilib. Türbə eramızdan əvvəl inşa olunan Torpaqqala adlı müdafiə divarlarının ərazisində yerləşir. Qülləvarı quruluşa malik türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəni o dövrdə xarakterik olan dəfn üçün ayrılmış sərdabə təşkil edir. Yerüstü qat isə xatirə abidəsidir və monumental xarakter daşıyır. Türbə xarici fasad üzrə kürsüdən, gövdə və günbəzdən ibarətdir. Hündürlüyü 13 metr olan türbənin bayır tərəfdən diametri 10 metrdir. Kürsüdən başlayaraq yuxarıdakı haşiyəyə qədər hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn kitabədə “Allah” sözü mütənasib surətdə təkrarlanır. Məhz bu səbəbdən abidəyə el arasında “Allah-Allah” türbəsi də deyilir. Abidənin kimin şərəfinə tikildiyi məlum deyil. Ehtimal olunur ki, Elxanilər sülaləsindən olan bir şəxs üçün inşa edilib.

Bildirildi ki, uzun illər baxımsız vəziyyətdə olan türbənin bərpasına ötən əsrin 60-cı illərində başlanılıb. Lakin səhv aparılan bərpa işləri nəticəsində türbənin görkəmi dəyişib, kitabələr silinib, üzərinə qoyulan ağır beton konstruksiya isə çatların əmələ gəlməsinə səbəb olub. Türbənin və əhatəsində olduğu Torpaqqala divarlarının bərpasına 2012-ci ildə başlanıb və hazırda tam başa çatdırılıb. Türbənin betondan quraşdırılmış qəzalı günbəzi tam sökülərək yenidən hörülüb və kaşılı kərpiclə üzlənib. Burada 427 kvadratmetr sadə və mürəkkəb formalı kaşı elementləri hazırlanaraq tətbiq edilib. Quranın “Ayətül-Kürsü” ayəsi və kufi əlifbası ilə kitabələr bərpa olunub, kaşılararası hörgü tikişləri təmizlənərək xüsusi məhlul qarışığı ilə yenidən doldurulub, divarlardakı çatlar tam regenerasiya edilib. Sərdabənin pilləkəni şüşə örtüklə bağlanıb və burada mərmər sənduqə quraşdırılıb.

Türbənin yerləşdiyi iki hektar ərazini əhatə edən Torpaqqala divarları da bərpa olunub. Bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən həyata keçirilib.

Türbə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

 


Martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Yeni Daşkənd-Umudalılar avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, yol 15 min əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 25 kilometr olan IV texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metrdir. İki hərəkət zolaqlı yol üzərində müxtəlif diametrli 45 suötürücü boru tikilib, zəruri yerlərdə yol nişanları, göstərici lövhələr quraşdırılıb. Yolun inşası bütün texniki tələblərə və ardıcıllığa uyğun olmaqla yüksək səviyyədə yerinə yetirilib.

Diqqətə çatdırıldı ki, Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb. Yeni yolun tikintisi yolboyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına da təkan verəcək. Bununla yanaşı, bu cür yolların istifadəyə verilməsi ümumilikdə, bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq.

Dövlətimizin başçısı Yeni Daşkənd-Umudalılar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, bu gün Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də ölkədə yol infrastrukturunun yenidən qurulması, bu sahədə əsaslı islahatların aparılmasıdır. Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası, müasir tələblər səviyyəsində yenidən qurulması ümumilikdə, ölkəmizin iqtisadi potensialını artırır. Bu layihələrin icrasında əsas məqsəd, ilk növbədə, vətəndaşların sosial məsələlərinin həllini, nəqliyyat vasitələrinin maneəsiz və rahat hərəkətini təmin etməkdir.

 


 

Martın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Mədəniyyət Mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilib.

Dövlətimizin başçısı respublika müşavirəsində giriş nitqi söylədi.

Prezident İlham Əliyevin giriş
nitqi
  • Biz bugünkü müşavirədə Azərbaycanda pambıqçılığın gələcək inkişafı ilə bağlı danışacağıq. Bildiyiniz kimi, 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır. Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik.

2016-cı ildə Sabirabad şəhərində, keçən il isə martın sonunda Saatlı şəhərində müşavirələr keçirilmişdir. Bu müşavirələrdə verilən tapşırıqlar yerinə yetirilir. Biz bu tapşırıqların yerinə yetirilməsi nəticəsində gözəl nailiyyətlərə də çata bilmişik. Bu gün isə pambıqçılığa dair üçüncü müşavirə Bərdə şəhərində keçirilir. Bərdənin pambıqçılıqda çox böyük ənənələri vardır. 1970-1980-ci illərdə Bərdə Azərbaycanın ən çox pambıq tədarük edən rayonlarından biri idi. Bərdəlilər yaxşı bilirlər ki, ulu öndər Heydər Əliyev bu sahəyə çox ciddi diqqət göstərirdi və dəfələrlə Bərdədə olmuşdur. Bərdədə pambıqçılıqla bağlı dəfələrlə zona müşavirələri keçirilmişdir. O illərdə Bərdədə pambığın tədarükü 120 min tona çatmışdır.

Bərdə uğurla inkişaf edir. Mən Prezident kimi dəfələrlə Bərdə rayonunda olmuşam. Bu, mənim Prezident kimi Bərdəyə altıncı səfərimdir. Bütün səfərlərdə verilən tapşırıqlar və onların icrası nəticəsində biz Bərdə rayonunda çox ciddi sosial-iqtisadi inkişafa nail ola bilmişik. Rayon uğurla inkişaf edir, abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Bərdə şəhəri gözəlləşir. Kəndlərdə də infrastruktur, yol infrastrukturu yaradılır. Bir neçə yol layihəsi icra edilmişdir. Dünən biz bir kənd yolu layihəsinin açılışını qeyd etdik. Yeni yol layihəsinin icrası ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Digər infrastruktur layihələri uğurla icra edilir. Bərdədə qazlaşdırma 100 faizə yaxınlaşır və demək olar ki, kəndlərin hamısı artıq qaz şəbəkəsi ilə təmin edilibdir. Bir neçə kənd qalıb ki, oraya da qazın verilməsi nəticəsində Bərdədə vətəndaşlar təbii qazla 100 faiz təmin olunacaqlar.

Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Digər məsələlər öz həllini tapır, sosial infrastruktur yaradılır, bir çox məktəblər tikilmişdir. Qarabağ bölgəsində birinci “ASAN xidmət” mərkəzi də məhz Bərdədə yaradılmışdır. Digər sosialyönümlü layihələr icra edilmişdir, Olimpiya Mərkəzi, Müalicə Diaqnostika Mərkəzi, uşaq xəstəxanası tikilmişdir. Yəni, bərdəlilər bütün bu işləri yaxşı bilirlər, bu işlərin fəal iştirakçılarıdırlar. Dövlət tərəfindən bundan sonra da Bərdə rayonunun inkişafına böyük diqqət göstəriləcək. O cümlədən Bərdədə kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.

Əlbəttə ki, kənd təsərrüfatının inkişafında pambıqçılıq xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, 1970-1980-ci illərdə Azərbaycanda məhz pambıqçılığa çox böyük diqqət göstərilirdi və o vaxt əkin sahələrinin 22 faizi pambıqçılığa ayrılmışdı. Əlbəttə ki, ondan sonrakı dövrdə biz daha çox ərzaq təhlükəsizliyi məsələləri ilə məşğul olmağa başladıq və pambıqçılığın əkin sahələri azaldı. Biz bu gün bu barədə danışacağıq. Ancaq son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha onu göstərir ki, bu sahənin çox böyük gələcəyi var. Zəhmətkeşlər, fermerlər üçün bunun çox böyük gəliri var. Ölkə iqtisadiyyatı üçün də böyük faydası var.

Qeyd etdiyim kimi, 1970-ci illərdə Azərbaycanda pambıqçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük edilirdi. Onun dövründə bu rəqəm 3 dəfə artmışdır və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılmışdır. Heydər Əliyev Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə Azərbaycanda pambığın tədarükü bir milyondan 500 min tona düşmüşdür. Müstəqillik dövründə isə pambıqçılıq demək olar ki, məhv olub gedirdi. Bunun bir neçə səbəbi var. Əlbəttə, onu etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində bizim ciddi maddi imkanlarımız yox idi. Azərbaycan çox ağır vəziyyətdə idi. Xüsusilə, antimilli hakimiyyət – AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı. Həm iqtisadi, həm siyasi, həm hərbi böhran ölkəmizi çətin vəziyyətə salmışdı. Hakimiyyətə gəlmiş təcrübəsiz adamlar, ümumiyyətlə, iqtisadiyyat haqqında heç bir biliyə malik deyildilər, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı heç bir iş görülmürdü. Ümumiyyətlə, Azərbaycanda yaşanan xaos, anarxiya, hərc-mərclik imkan vermirdi ki, ölkəmiz inkişaf etsin. Yalnız 1993-cü ildən sonra – xalq Ulu Öndərə üz tutaraq onu hakimiyyətə dəvət edəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da inkişaf dövrü başlamış, islahatlar aparılmışdır. Hesab edirəm ki, o vaxt kənd təsərrüfatının inkişafı ilə bağlı ən önəmli qərar kənd təsərrüfatında işləyənlərin vergilərdən azad edilməsi idi.

Eyni zamanda, müstəqilliyimizin ilk illərində ölkə qarşısında o qədər ciddi problemlər durmuşdu ki, əlbəttə, pambıqçılığa həm maddi cəhətdən, həm vaxt baxımından diqqət ayırmaq prioritet məsələ deyildi. Ölkə çox ciddi çağırışlarla üzləşmişdi, böyük təhlükələr mövcud idi. 1990-cı illərdə sabitliyin bərpası, Azərbaycana böyük həcmdə investisiyanın cəlb edilməsi, Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün əsas vasitə kimi neft strategiyamızın uğurla icrası – bütün bunlar idi prioritet məsələlər.

Digər tərəfdən, biz ciddi şəkildə bazar iqtisadiyyatına keçidə başlamışdıq və hesab edilirdi ki, bazar iqtisadiyyatı hər şeyi özü tənzimləyəcək. O cümlədən, kənd təsərrüfatı ilə bağlı olan məsələləri bazar iqtisadiyyatı prinsipləri tənzimləyəcək və həll edəcək. Əlbəttə ki, bu yanaşmada böyük həqiqət var, amma, eyni zamanda, – pambıqçılığın tənəzzülə uğramasının timsalında biz bunu görürük, – əgər ciddi dövlət dəstəyi olmasa kənd təsərrüfatı inkişaf edə bilməz. Nəinki Azərbaycanda, bütün başqa ölkələrdə. Biz bilirik ki, hətta kənd təsərrüfatının inkişafında böyük uğurlar qazanmış aparıcı dövlətlər də kənd təsərrüfatına ciddi subsidiyalar, dotasiyalar verirlər, dövlət dəstəyi göstərilir, bir çox hallarda proteksionist tədbirlər görülür. Hər bir ölkə çalışır ki, öz bazarını qorusun. Əlbəttə, biz də Azərbaycanda kənd təsərrüfatının inkişafına çox ciddi dövlət dəstəyi göstəririk.

Son illər ərzində biz kənd təsərrüfatının inkişafı, xüsusilə ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük nailiyyətlərə imza atmışıq. Bizim son illər ərzində əsas vəzifəmiz ərzaq təhlükəsizliyi məsələləri idi. Çünki sovet vaxtında Azərbaycanda pambıq, üzüm, meyvə-tərəvəz istehsal olunurdu, ancaq əsas ərzaq məhsulları başqa respublikalardan gəlirdi. Ona görə, biz, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etmək üçün işləyirdik, çalışırdıq, investisiyalar qoyulurdu. Hesab edirəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həllində çox ciddi uğurlara nail olmuşuq.

Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da ki, bu hədəfə çox yaxınıq. Ət istehsalı təxminən 100 faizə yaxındır, Azərbaycan özünü təmin edir. Süd istehsalı təqribən 80-85 faizdir. Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı – biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik. Yəni, bu sahələr prioritet idi.

Texniki bitkilər diqqətdən kənarda qalmışdı. Yenə də demək istəyirəm, bunun bir neçə səbəbi var. O cümlədən səbəblərdən biri də o idi ki, hesab olunurdu fermerlər özləri bilər nə əkər, nə biçər. Bu sahəyə böyük dövlət dəstəyi də göstərilmirdi. O ki qaldı, pambıqçılıqla məşğul olan özəl şirkətlərə, onlar da lazımi səylər göstərməmişlər, pambıqçılığa lazımi səviyyədə fikir verməmişlər, lazımi həcmdə sərmayə qoymamışlar və tədricən Azərbaycanda pambıqçılıq məhv olub gedib. Statistik göstəricilərə baxmaq kifayətdir görək ki, 2015-ci il pambıqçılıq tarixində ən acınacaqlı il olmuşdur. Cəmi 18 min hektarda pambıq əkilmişdir və cəmi 35 min ton pambıq tədarük edilmişdir.

2015-ci ilin sonlarından etibarən biz bu məsələ ilə ciddi məşğul olmağa başladıq. Qeyd etdiyim kimi, 2016-2017-ci illərdə müşavirələr keçirildi. 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi, biz bu işlərlə planlı şəkildə məşğul olmağa başladıq və bu gün gözəl nəticələr haqqında danışa bilərik. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatmışdır. Yəni, biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil. Bu gün biz gələcəkdə pambığın tədarükünü artırmaq üçün görüləcək işlər haqqında danışacağıq.

Biz dövlət xətti ilə böyük həcmdə müasir texnika almışıq, – 500-ə yaxın pambıqyığan kombayn, – onların böyük hissəsi artıq alınıb. Digər texnika – Azərbaycanda istehsal olunan traktorlar, eyni zamanda, xarici texnika, qoşqular. Dünən mən Bərdədə də texnikanın bir hissəsi ilə tanış olmuşam. Bu məqsədlər üçün böyük vəsait ayrılır. Gübrə ilə təminat yaxşılaşır. Azərbaycan dövləti bu sahəni də demək olar ki, öz üzərinə götürüb, 70 faiz güzəştlə gübrələr verilir. Bu sahədə əldə edilmiş uğurlara baxmayaraq, biz daha da ciddi işləməliyik. Gübrələrin keyfiyyəti daha yaxşı olmalıdır, bu sahəyə də böyük diqqət göstərilir.

Son illərdə meliorasiya sahəsində böyük layihələr icra edilmişdir. On minlərlə hektar torpaqda meliorativ tədbirlər görülmüşdür. O cümlədən, Bərdə rayonunda və digər rayonlarda bu sahəyə də çox böyük vəsait ayrılmışdır və digər kompleks tədbirlər görülmüşdür. Pambıqçılığın inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılmışdır. Prezident Administrasiyası, yerli icra orqanları, şirkətlər, fermerlər, zəhmətkeşlər artıq bir nöqtəyə vuraraq yaxşı nəticələrə imza atmışlar. İki il ərzində əldə edilmiş rəqəmlər bunun ən yaxşı göstəricisidir.

Pambıqçılıq əmək tutumlu sahədir. Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik.

Eyni zamanda, pambıqçılıq çox gəlirli sahədir və yaxşı gəlir gətirir. Pambıqçılıq ixracyönümlü sahədir. İxrac üçün bazarları axtarmağa ehtiyac qalmır, birjalarda satılır. Pambıqçılıq emal sənayesinə böyük təkan verir. İndi pambıqtəmizləmə zavodları işləyir. Onların əlbəttə ki, daha da böyük səmərə ilə işləməsi haqqında danışacağıq. Ancaq bu sahəyə də təkan verildi. Eyni zamanda, bunun yerli istehsala böyük dəstəyi oldu. Çünki biz indi özümüz həm pestisid istehsal edirik, Azərbaycanda heç vaxt pestisid istehsal olunmurdu. Keçən ildən başlayaraq pestisid istehsal etməyə başlamışıq. Bu il Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq. Özümüzü gübrələrlə təmin edəcəyik. Artıq Azərbaycanda suvarma texnikasının istehsalı təşkil olunub. Bu texnikanın istifadəsi nəticəsində biz məhsuldarlığı artıra bilərik. Mingəçevir şəhərində Yüngül Sənaye Parkı yaradılmışdır. Mən bu barədə əvvəlki müşavirələrdə öz sözlərimi demişəm, fikirlərimi bildirmişəm. Bütün lazımi tapşırıqlar verilmişdir. Bu ilin fevral ayında Mingəçevirdə Yüngül Sənaye Parkının iki yeni müəssisəsi fəaliyyətə başlamışdır. O müəssisələrdə 700-dən çox insan işləyir və 20 min ton iplik istehsal olunacaq. Bu da əvvəlki dövrdə istehsal olunan ipliyin demək olar ki, yarısıdır. Əgər Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməsəydi, bu müəssisələrə də ehtiyac qalmazdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər.

Yəni, görün pambıqçılığın ölkə iqtisadiyyatı üçün nə qədər böyük faydası var – ilk növbədə, məşğulluq, ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu, qeyri-neft sənayesini inkişaf etdirir, yerli istehsala təkan verir, nəinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır. Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. İnanmıram dünyada ikinci ölkə tapılsın ki, iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilsin.

Biz bütün bunlara məqsədyönlü tədbirlər nəticəsində nail olmuşuq. Bir daha demək istəyirəm, əgər pambıqçılığa dövlət dəstəyi göstərilməsəydi, biz buna nail ola bilməzdik, 2015-ci ildə 35 min ton, bu il bəlkə də 20 min ton pambıq yığılardı-yığılmazdı, bu da bəlli deyil. Beləliklə, pambıqçılıq tamamilə məhv olub gedəcəkdi. Biz isə buna imkan vermədik. Pambıqçılığı qoruduq, bərpa etdik və bərpa edəcəyik.

Bugünkü müşavirədə həm görülmüş işlərlə bağlı məlumatlar səslənəcək, həm də görüləcək işlərdən danışacağıq. Qeyd etməliyəm ki, növbəti illərdə bizim əsas vəzifəmiz məhsuldarlığı artırmaq olacaq. Çünki keçən ilin təcrübəsi göstərir ki, böyük irəliləyiş var. 2016-cı ildə təqribən 90 min tona yaxın pambıq yığılmışdır, keçən il 207 min ton. Baxmayaraq ki, böyük həcmdə məhsul götürmüşük, ancaq hektardan məhsuldarlıq lazımi səviyyədə deyil. Bərdə rayonunda çox yaxşı səviyyədədir, 26 sentnerdən çoxdur. Lakin bəzi rayonlarda çox aşağıdır. Bunun səbəbləri təhlil edilir və edilməlidir ki, buraxılan nöqsanlara gələcəkdə yol verilməsin, məhsuldarlıq daha da yüksək olsun.

X X X

Sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktorunun müavini Rövşən Həsənov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Biləsuvar rayonundan fermer Fazil Musayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktor əvəzi Zakir Əzimov, Saatlı rayonundan fermer Nizami Məmmədov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış etdilər.

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söylədi.

Daha sonra “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu.

Prezident İlham Əliyev fermerlər Fatma Hüseynovaya, Tofiq İsmayılova və Fazil Musayevə 1-ci dərəcəli “Əmək” ordenlərini təqdim etdi.