Prezident Elşad Həsənovu icra başçısı təyin etdi

Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

XALQ.AZ  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Elşad Həsənov 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatıdır.

Elşad Həsənov 1976-cı il sentyabrın 27-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 23 saylı orta məktəbi qızıl medalla bitirib.

Həmin il Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1997-ci ildə hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ilin dekabr ayında BDU-nun Cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. 

2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib. Milli Məclisin Gənclər və İdman Komitəsinin, həmçinin Elm və Təhsil Komitəsinin üzvüdür.

Ailəlidir, 2 övladı var. İngilis, rus dillərini bilir. Bitərəfdir