Prezident Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi — YENİLƏNİB

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Fəxri qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.

Şimali Kipr Türk Respublikasının Prezidenti həmçinin xatirə dəftərinə də ürək sözlərini yazıb.

Eyni zamanda fəxri qonaq “Türk şəhidliyi” abidəsini də ziyarət edib.

***

Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.