Prezident iki sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırıllar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

 

Prezident İlham Əliyev Qax rayonunun Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.7-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon (dörd milyon doqquz yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.