Prezident İlham Əliyev verdiyi vədləri bü gün əməl edir


Azərbaycan üçün fevralın ikinci ongünlüyünün mühüm və ən əhəmiyyətli hadisəsi kimi ölkə başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərini qeyd etmək olar. Təbii ki, bu, sıradan bir səfər deyildi və dövlət başçısı işğaldan azad olunmuş torpaqlardan kifayət qədər ciddi mesajlar verdi, təməlqoyma mərasimlərinə qatıldı, mühüm obyektlərin açılışında iştirak etdi.

Bunu Milli Məclisin deputatı İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki,əslində bunu “Böyük Qayıdış”ın ilk addımları kimi də dəyərləndirmək olar. Səfərin digər əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Prezidenti ölkə vətəndaşlarına, ilk növbədə dədə-baba yurdlarından didərgin düşən yüz minlərlə insana bölgədə yaranmış vəziyyətlə bağlı məlumat verdi, görülən və görüləcək işlərdən söhbət açdı, hansı yeniliklərin həyata keçiriləcəyindən danışdı. Bununla da Azərbaycan vətəndaşlarının geniş informasiya almaları təmin edildi.
Məlum olduğu kimi, ölkə başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasiminə qatıldı. Yeri gəlmişkən, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti çox böyükdür. Çünki bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlara gediş-gəlişin təminatında mühüm rol oynayacaq. Digər tərəfdən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqələrinin yaranmasına səbəb olacaq.
Səfər boyu işğaldan azad olunan kəndlər barədə məlumat verən dövlət başçışı Zəngilanda olarkən, bildirdi ki, məhz burada-Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bununla yanaşı, Üçüncü Ağalı kəndində də “ağıllı kənd” layihəsi reallaşacaq. Kənddə layihənin icrası əsasən beş komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri.
Yada salaq ki, ölkə başçısı əvvəlki çıxışlarında da azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini demişdi. Bunu dövlət başçısının “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına da aid etmək olar. Diqqət çəkən məqamlardan biri isə budur ki, inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən istifadə ilə əlaqədardır.
Azərbaycan Prezidentinin bu səfəri Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndində Su Elektrik Stansiyasının açılışı ilə də yadda qalacaq. Dövlət başçısının təbirincə desək, Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş-ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir. Onu da vurğulamaq lazımdır ki, sözügedən SES-in istifadəyə verilməsi tarixi əlamətdar hadisədir. Bu, işğaldan azad olan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Sözügedən stansiya 8 meqavat gücündədir və təxminən 7000 nəfər əhalini elektrik enerjisi ilə təmin edəcəkdir.
Bəlli olduğu kimi, erməni vandalları 30 il ərzində Qarabağın ekoloji cəhətdən zəhərlənməsi üçün hər cür iyrənc hərəkətlər törədiblər, o cümlədən Bəsitçay Dövlət Qoruğunda. Mənfur düşmən qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıb. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına ciddi zərbə vurulub. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın adıçəkilən qoruqda çinar ağacları əkmələrini, həmçinin Bəsitçaya balıq buraxmalarını bölgədə ekoloji məsələlərin öz həllini tapacağı kimi dəyərləndirmək olar. Bölgədə kifayət qədər çaylar var: Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və sair. İndi qürurla demək olar ki, bu çaylardan xalqımız istifadə edəcək.
Ölkə Prezidenti səfər zamanı kənd təsərrüfatı ilə bağlı görüləcək işlərdən də danışdı: “Tapşırıq verilib ki, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su verilsin. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar. Evləri də, təbiəti də bərpa edəcəyik. Eyni zamanda göstəriş vermişdim ki, vaxt itirmədən payızlıq əkin də aparılsın. Biz qısa müddət ərzində bütün imkanlarımızı, texnikanı, işçi qüvvəsini səfərbər etmişik və 7 min hektarda əkin işləri aparılmışdır”.
Qeyd edək ki, azad edilmiş torpaqlarda bitkiçiliyin, meyvəçiliyin, heyvandarlığın sürətli inkişafı nəzərdə tutulur. Bir sözlə, qarşıdakı dövrdə bizi nəhəng layihələr, nəhəng işlər gözləyir. Təbii ki, azad olunmuş ərazilərin minalardan təmizlənməsi ən vacib məsələlərdən biridir və hazırda bu sahədə işlər davam etdirilir.
“Böyük Qayıdış”a artıq start verilib. İşlər sürətlə aparılır. Çox keçməz ki Qarabağ torpaqları yenidən dirçələr və cənnət bir məkana çevrilər.