Prezident İlham Əliyev: “Azərbaycan regionda yeni reallıq yaradıb”

“Biz indi gələcəyə baxmalıyıq. Otuz illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır”.

Bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı söyləyib.

“Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik. Yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı deyib ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır: “Çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz, hansı hissləri keçirirlər. Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir”.

Dövlət başçısı qeyd edib ki, Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox insan öz evlərindən məcburi şəkildə didərgin salınıb. Lakin barışığın əldə olunması üçün düzgün yanaşmaya ehtiyac var.

Azərbaycan Prezidenti deyib: “Münasibətlərin pozulmasına məhz Ermənistanda mövcud olan Azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Ermənistan daim dünya ictimaiyyətini aldatmağa və özünü qurban kimi göstərməyə çalışıb”.

Dövlət başçısı çıxışında bildirib:

“Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır”.

Dövlət başçısı deyib: “İkinci Qarabağ müharibəsi regionda yeni reallıq yaradıb. Bu baxımından bugünkü müzakirələrin mövzusu çox aktualdır. Ermənistan dövlətində böhran hökm sürür. Ermənistan özünü regionda həyata keçirilən bütün layihələrdən məhrum edib. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad edib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda yeni reallıq yaranıb”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın lider ölkələrindən biri kimi həmin bəyanat çərçivəsində region ölkələrinin əməkdaşlığı üçün bir çox mühüm təklif və təşəbbüslər irəli sürüb. Bunlara nəqliyyat və kommunikasiyaların açılması, digər əməkdaşlıq imkanları daxildir.

“Biz qonşular kimi yanaşı yaşamalıyıq. Əlbəttə, bu, asan olmayacaq. Bu gün siyasətçilərin rolu sülh və sabitliyin yalnız əməkdaşlıq və təmaslar vasitəsilə mümkün olduğunu insanlara izah etmək olmalıdır”, – deyə dövlət başçısı əlavə edib.