Prezident İlham Əliyev bölgədə sülh və əməkdaşlıq çağırışı etdi

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı yaxın tariximizin ən vacib siyasi hadisələrindən biridir.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat qeyd edib ki,keçirilən konfransda yeni və daha güclü Azərbaycanın postmüharibə dövründə qalibiyyət manifesti, qələbə bəyannaməsi kimi yanaşa bilərik.

Dövlət başçısı 20-dən artıq nüfuzlu xarici media nümayəndəsi vasitəsi ilə dünyaya şanlı qələbəmizin nəticələrini, bölgədə sülh və əməkdaşlıq niyyətimizi, eyni zamanda stabillik və ərazi bütövlüyümüz üçün istənilən təhdidə lazımi səviyyədə cavab verəcəyimizi, ən müasir standartlara cavab verən ordu və hərbi sənaye quruculuğunun yeni mərhələyə qədəm qoyduğunu bəyan etdi. Mətbuat konfransının tarixi də heç şübhəsiz təsadüfi seçilməyib. Prezident İlham Əliyev Xocalı faciəsinin 29-cu il dönümündə faciənin tarixi və hüquqi nəticələri ilə bağlı lakonik və təsirli məlumat verərək həm Azərbaycanın haqq səsini dünyaya çatdırdı, həm də faciə qurbanlarının qisasının döyüş meydanında alındığını bəyan etmiş oldu.