Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın yalanlarını ifşa etdi

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı ses­siyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı videoformatda çıxışını böyük diqqət və məmnunluqla dinlədim. Əlbəttə, bizim ağrılı yerimiz hazırda Ermənistanla münasibətlər məsələsidir. Ona görə də Prezi­dentin çıxışının bu hissəsinə diqqət yetirmək istərdim.

Azərbaycan lideri haqlı olaraq xatırlatdı ki, ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışı zama­nı iştirakçıların diqqətini Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə, Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəldib. Bundan sonra isə Ali Baş Komandanımız bəyan etdi: “Bu gün qürur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu”.

Prezident bir daha xatırlatdı ki, təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altın­da saxlayıb. İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirib. 1275 azərbaycanlı əsir götürülüb, onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Prezident İlham Əliyev bildirdi ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Lakin Ermənistan buna və BMT Baş As­sambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avro­pa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymayıb. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana qarşı münasibətdə 27 il icra olunma­mış qalıb. Bu isə ikili standartların bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi də heç bir nəticə verməyib.

Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qar­şı irimiqyaslı hücuma başladıqda Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başlayıb. 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tutub. Cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərlər də atəşə tutulub. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilib. Bu hücumlar zamanı Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosfor­lu və kaset tipli sursatlardan istifadə edib. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb.

Prezident fəxrlə qeyd edib ki, 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, ümumilikdə, döyüş meydanın­da 300-dən çox şəhər və kəndini azad edib. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur olub və bundan sonra öz qoşun­larını Azərbaycanın digər ərazilərindən– Ağdam, Laçın və Kəlbəcərdən çıxarıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin ic­rasını təmin edib: “Bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır”.

Dövlət başçısı münaqişənin hərbi-siyasi yollarla həll edildiyini, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu bildirdi və əlavə etdi ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Prezidentin BMT-yə üzv dövlətləri və BMT Katibliyini də ərazilərimizi məhz bu adlarla tanımağa çağırması xüsusilə qürurverici idi. Dövlət başçısı bütövlükdə milli maraqlarımızı uğurla müdafiə və Ermənistanı tamamilə ifşa etdi.

İqbal MƏMMƏDOV,

Milli Məclisin deputatı