Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatların da yaxın tarixdə reallaşmasının şahidi olacağıq

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətli inkişaf yolunu keçməklə, ciddi uğurlara imza atmaqdadır.Bir zamanlar həlli bizə bir xəyali arzu kimi görünən məsələlər və problemlər bu gün məhz Prezident  İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və cəsarətli siyasəti nəticəsində həyat keçib. 30 ilə yaxın müddətdə davam edən Ermənistanın təcavüzkar siyasətinə son verilərək, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, ölkəmizin enerji, tranzit yükdaşıma, nəqliyyat qovşağına çevrilməsi və nəticədə nəinki bölgədə, o cümlədən dünyada söz sahibi olması bunun bariz nümunəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında rəşadətli Azərbaycan ordusu adını müasir dünya hərb tarixinə qızıl hərflərlə yazıb. Bir il bundan öncəyədək  həllini xəyal kimi arzuladığımız və dünyanın ən mürəkkəb münaqişələrindən olan Qarabağ münaqişəsini həll edərək tarixin arxivinə çevirib. Tarixi ədalət dövlət başçısının cəsarətli siyasəti və gərgin əməyi nəticəsində bərpa olunub”.

Bunu açıqlamasında millət vəkili İltizam Yusifov deyib.

Millət vəkilinin sözlərinə görə, cənab Prezident İlham Əliyev düzgün və konkret hədəflərə xidmət edən  siyasəti nəticəsində onillər, bəlkə də bir əsrə görülə biləcək işləri çox qısa zaman kəsiyində reallaşdıra bilib. “Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz təkcə regionda deyil, beynəlxalq səviyyədə də çox böyük işlər görüb, meqalayihələr reallaşdırıb və bu istiqamətdə işlər bu gün də davam etdirilir. Məhz bunun nəticəsində bu gün Azərbaycan dünyada öz sözünü deyən dövlətlərdən birinə çevrilib. Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq. Cənab Prezidentin istər Bakıda Hərbi Qənimətlər Parkının açılışında, istərsə də ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransında çıxışında dediyi fikirlər buna əminlik yaradır”, – millət vəkili qeyd edib.

Millət vəkili əlavə edib ki,  cənab Prezident son   dövrlərdə tarixi torpaqlarımız olan Zəngəzur, istərsə də bu ərazidən keçməklə   planlaşdırılan layihələr barəsində səsləndirilən bəyanatlar hədəflərə xidmət edən siyasət nəticəsində heç də uzaq olmayan tarixdə reallaşacaq: “Bir zamanlar Azərbaycanın reallaşdırdığı iqtisadi, enerji və nəqliyyat sahəsindəki meqalayihələr də bir çoxlarına xəyal və reallaşdırılması çətin məsələlər kimi görünürdü. Amma ölkə başçısının qətiyyətli siyasəti nəticəsində Bakı-Tiflis-Qars dəmiryolu, Cənub Qaz Dəhlizi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, TANAP, TAP kimi qlobal layihələrin həyata keçirilməsi mümkün olub. Hətta dünyanın bir çox mərkəzləri də belə bir layihələrin reallaşımasına qarşı çıxaraq ciddi əngəllər törədiblər. Lakin cənab Prezident İlham Əliyevin dövlətin və xalqın maraqlarına xidmət edən siyasəti, mövqeyindən çəkilməyərək qətiyyət nümayiş etdirməsi  nəticəsində bütün çətinliklər və əngəlləri aradan qaldırılaraq, qarşıda duran hədəflərə nail olunub. Ona görə də əminliklə deyə bilərik ki, bu gün cənab İlham Əliyevin səsləndirdiyi  bəyanatların da yaxın tarixdə reallaşmasının şahidi olacağıq. Bir sözlə Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi altında bizə xəyal kimi görünən neçə-neçə arzularını reallaşdıracaq və uğurlara imza atacaq. Biz yaxın  zamanlarda cənab Prezidentin təşəbbüsü ilə bölgədə yeni-yeni layihələrin icrasına şahidlik edəcəyik. Hansı ki, bu layihələrin icrası Azərbaycanın iqtisadiyyatının inkişafına, vətəndaşının sosial rifah halının güclənməsinə, o cümlədən ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin möhkəmlənməsinə, nufuzunun artmasına xidmət edəcək. Bir  cümlə ilə ifadə etsək deyə bilərik ki, Azərbaycan xalqı cənab Prezidentin İlham Əliyevin yürütdüyü  uzaqgörən, müdrik siyasəti nəticəsində qarşısında duran bütün hədəflərinə nail olacaq”.