Prezident komissiya yaratdı-SİYAHI

66

 

Prezident İlham əliyev Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, “Şahdəniz” perspektiv strukturunda Azərbaycanın müasir neft tarixində ilk dəfə olaraq zəngin qaz-kondensat yatağının kəşf edilməsi və 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu yataq üzrə dünyanın tanınmış neft şirkətləri ilə saziş imzalaması ölkə iqtisadiyyatına irihəcmli xarici sərmayə cəlb edilməsinə imkan yaradıb.
Bildirilib ki, 2006-cı ildə “Şahdəniz” yatağının istismarının birinci mərhələsinin başlanmasından sonra təbii qazın Cənubi Qafqaz Qaz Boru Kəməri vasitəsilə Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın enerji sənayesi tarixində yeni səhifə açaraq ölkəmizi qaz ixracatçısına çeviib.
Hazırda “Şahdəniz” yatağının istismarının ikinci mərhələsinin həyata keçirilməsi həcmi artmaqda olan qazın Türkiyə və Avropaya ixracını təmin edəcək müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur.
2012-ci il iyunun 26-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Saziş imzalanıb və hər iki dövlətin qanunverici orqanları həmin sazişi ratifikasiya edib.
Trans-Anadolu Qaz Kəməri təkcə “Şahdəniz” layihəsi çərçivəsində hasil olunan qazı deyil, Azərbaycanın digər yataqlarından hasil edilən təbii qazı da dünya bazarına çatdırmaq potensialına malik olması ilə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.

Böyük sərmayə qoyuluşu tələb edən təbii qaz yataqlarının işlənilməsinə və hasil edilmiş qazın boru kəmərləri vasitəsilə nəqlinə dair layihələrin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təxirəsalınmaz təşkilati və digər tədbirlərin görülməsini tələb edir.
Prezident Azərbaycan Respublikasının mənafeyini qorumaq, Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və əlverişli şərait yaradılmasını təmin etmək məqsədi sözügedən sərəncamı imzalayıb.
Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin
birinci müavini.

Komissiyanın üzvləri:

Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin
köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini

Natiq Əliyev – Azərbaycan Respublikasının energetika
naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının
iqtisadiyyat və sənaye naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə
naziri

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya
və təbii sərvətlər naziri

Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin prezidenti

Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft
Fondunun icraçı direktoru.

Dövlət Komissiyası aparılan işlərin layihə iştirakçıları ilə əlaqələndirilməsini, ortaya çıxan məsələlərin aidiyyəti qurumlar tərəfindən operativ həllini təmin etməli, müəyyən olunan hallarda həyata keçirilən tədbirlərə dair təkliflər hazırlayıb Prezidentə təqdim etməli, işlərin gedişi haqqında mütəmadi olaraq ölkə başçısına məlumat verməlidir.