Prezident konfrans keçirdi

 

40

 

İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.

Prezident İlham Əliyev əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinin binasında 2011-2013-cü illərdə paytaxtda və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış oldu. Fotostendlərdə Bakıda və ətraf qəsəbələrdə sosial inkişaf və infrastruktur layihələri, o cümlədən turizm, mədəniyyət, sahibkarlığın inkişafı, həmçinin ətraf mühitin qorunması sahələrində həyata keçirilən çoxsaylı tədbirlər barədə məlumatlar verilir.

Dövlətimizin başçısı konfransı giriş nitqi ilə açdı.

Prezident İlham Əliyevin giriş nitqi

  • Bu gün biz Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasını müzakirə edəcəyik. Bu, ikinci proqramdır. Birinci proqram 2006-cı ildə qəbul olunmuşdu, iki ili əhatə edirdi. Bu proqram 2011-2013-cü illəri əhatə edir və proqram başa çatır.

Bütövlükdə 2013-cü ildə Azərbaycanın uğurlu dinamik inkişafı təmin edilmişdir. İl ərzində qarşıda duran bütün vəzifələr icra edilmişdir, iqtisadiyyat artmışdır. Dünya miqyasında müqayisə etsək görərik ki, Azərbaycan iqtisadiyyatı ən yüksək templərlə artır. Bu il ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft sektorumuz isə təxminən 10 faiz artmışdır.

Bu da əslində görülən işlərin təzahürüdür. Onu göstərir ki, bizim siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır. Bu islahatlar nəticəsində biz bu uğurlara imza ata bilmişik. Qeyri-neft sektorumuz artır, indi ümumi daxili məhsulda qeyri-neft sektoru üstünlük təşkil edir. Əminəm ki, bu meyllər gələcək illərdə güclənəcəkdir. Ancaq buna nail olmaq üçün biz daha da fəal işləməliyik. Çünki neft-qaz sektorunun artması da gözlənilir. Xüsusilə, bu ayın 17-də Bakıda imzalanmış “Şahdəniz-2” layihəsi gələcəkdə neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Ona görə, biz qeyri-neft sektorunun inkişafına daha da böyük diqqət göstərməliyik. Biz bunu edəcəyik. Ölkəmizdə aparılan islahatlar, düşünülmüş iqtisadi və sosial siyasət imkan verəcəkdir ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin.

Bütövlükdə bu il 2003-2013-cü illəri əhatə edən bir dövr başa çatır. Bu dövr ölkəmiz üçün çox uğurlu olmuşdur. Deyə bilərəm ki, son on il ərzində dünyada iqtisadi cəhətdən Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Bütün statistik məlumatlar bunu təsdiqləyir. İqtisadiyyatımız 300 faizdən çox – 3,4 dəfə artmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı kəskin şəkildə azalmışdır. İndi Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdən bir qədər çoxdur. Yəni, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Biz hətta inkişaf etmiş bir neçə ölkəni qabaqlayırıq. İşsizliklə bağlı məsələlər öz həllini tapır. İşsizlik çox aşağı səviyyədədir, 5 faiz səviyyəsindədir. Bakı şəhərində isə məncə, bütövlükdə bu məsələ öz həllini tapmışdır.

Bizim iqtisadi islahatlarımız dünyanın aparıcı iqtisadi və maliyyə qurumları tərəfindən də təqdirlə qarşılanır. Dünyanın bir nömrəli iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Yəni, bütün bunların təməlində düşünülmüş siyasət, Azərbaycanda 1990-cı illərin ortalarında başlamış islahatlar, ulu öndər Heydər Əliyevin siyasəti dayanır.

Son on il ərzində isə biz fəal işləyərək Azərbaycanın siyasi, iqtisadi maraqlarını tam şəkildə təmin edə bilmişik. Azərbaycan bu gün beynəlxalq müstəvidə çox böyük hörmətə malik olan bir ölkə kimi tanınır. Biz bu il BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətimizi başa çatdırırıq. Hesab edirəm ki, bu da xalqımız, dövlətimiz üçün çox böyük nəticədir, tarixi bir qələbədir. Dünya birliyinin bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilmək ölkəmizin tarixi qələbəsidir.

Yəni, istənilən sahəyə baxsaq görərik ki, Azərbaycanın uğurlu inkişafı təmin edilir. Dünyada, Avropada yaşanan iqtisadi böhranlar, bəzi hallarda siyasi çəkişmələr bizə heç bir təsir etməmişdir, edə də bilməz. Çünki bizim siyasətimizin təməlində dövlət maraqları dayanır. Xalqla iqtidar arasındakı birlik bizim inkişafımızı şərtləndirən amillərdən biridir. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf, demokratiya, milli həmrəylik yoludur.

Ölkəmizin hərtərəfli inkişafı, o cümlədən humanitar sahədə -millətlərarası, dinlərarası dialoqun aparılması sahəsində uğurlu təcrübəsi bu gün dünyada öyrənilir. Təsadüfi deyildir ki, Bakı şəhəri bölgənin və hətta deyə bilərəm ki, dünyanın mərkəzlərindən birinə çevrilmişdir. Bakıda yüksək səviyyəli tədbirlər artıq adi hala çevrilmişdir. Zirvə görüşləri, dünya liderlərinin görüşləri, iqtisadi forumlar, humanitar forumlar, – bütün bunlar reallıqdır və Bakı dünya xəritəsində artıq öz layiqli yerini tuta bilmişdir.

Növbəti illər üçün də bizim konkret proqramlarımız vardır. Biz gələcəkdə də bu proqramlar üzrə işləyəcəyik. Mən heç şübhə etmirəm ki, ölkəmizin dayanıqlı inkişafı təmin ediləcəkdir. Yəni, görülən işləri, – bu gün çıxışlarda onların bir hissəsi səslənəcək, – foyedə qoyulan stendlərdə əyani şəkildə görmək olar. Bunlar təkcə Bakı şəhərinə aid olan stendlərdir. Amma bütövlükdə ölkə üzrə gedən müsbət proseslər əminəm ki, gələcəkdə də davam etdiriləcəkdir.

2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olunarkən biz bir neçə məqsədi qarşımıza qoymuşduq. İlk növbədə, qarşıya bölgələri inkişaf etdirmək, bölgələrdə iş yerlərinin açılmasına, yerli sahibkarlığın inkişafına nail olmaq, idxaldan asılılığımızı azaltmaq, infrastruktur layihələri yaratmaq məqsədləri qoyulmuşdu ki, insanlar bölgələrdən böyük şəhərlərə miqrasiya etməsinlər. Nəticə etibarilə qarşıya məsələ qoyulmuşdur ki, bölgələrlə Bakı arasındakı fərqi azaltmaq lazım idi. Biz son on il ərzində, – artıq iki regional proqram icra edilibdir, – buna nail ola bilmişik.

Ancaq Bakı şəhərinin sürətli inkişafı əlbəttə ki, bu fərqi tam aradan qaldırmağa imkan vermir və bu da təbiidir. Çünki Bakı bu gün dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bakıya gələn hər bir qonaq bunu qeyd edir və öz təəccübünü gizlədə bilmir. Mənim çoxsaylı təmaslarımda, xarici qonaqlarla görüşlərimdə, demək olar onların mütləq əksəriyyəti qeyd edir ki, Bakının bu dərəcədə gözəl olduğunu gözləmirdilər. Bakı gözəl şəhərdir, gözəl təbiəti, gözəl ab-havası vardır.

Bakının gözəlliyi təkcə binalarda deyildir. Bakının gözəlliyi şəhərimizdə olan tarixi ab-havadadır. Gözəl şəhərlər, gözəl binalarla dolu olan şəhərlər vardır. Ancaq şəhərin gözəlliyini bunlar müəyyən etmir. Bakının özünəməxsus, spesifik bir aurası, tarixi, tarixi siması vardır. Mən şadam ki, son illər ərzində biz Bakının tarixi simasını qoruya bilmişik. Eyni zamanda, hər bir şəhər kimi Bakının da inkişafı təmin edilməli idi. Hesab edirəm ki, biz burada həm tarixi saxlamaqla, memarlıq abidələrini bərpa etməklə, eyni zamanda, müasir infrastrukturun yaradılması, yeni binaların tikilməsi istiqamətində də çox düzgün siyasət aparmışıq ki, müasirliklə qədim tarix burada – Bakıda ziddiyyət təşkil etmir, əksinə bir-birini tamamlayır.

Bakının bir neçə mərkəzi vardır. Bu da hər bir şəhərdə mövcud olan mənzərə deyildir. İçərişəhər, Azadlıq meydanı, “Azneft” meydanı tarixi mərkəzdir. Hazırda Bayraq Meydanı mərkəzə çevrilibdir, Bulvar, onun yenilənmiş variantı və Yeni Bulvar, “Ağ Şəhər” Bulvarı, Heydər Əliyev Mərkəzi, mərkəzi park – görün, Bakıda son illər ərzində nə qədər ictimai yerlər abadlaşıb, yaradılıb. Biz bu istiqamətdə siyasəti davam etdirəcəyik. Bu barədə bir qədər sonra danışacağıq.

Yəni, regional inkişaf proqramının qəbul olunması, ölkə iqtisadiyyatına qoyulan sərmayə, xarici sərmayə üçün yaradılan şərait bizim dinamik inkişafımızı təmin edib. Əgər fikir vermisinizsə, son vaxtlar biz neft-qaz sektorunun inkişafı ilə bağlı o qədər də geniş müşavirələr keçirmirik. Çünki burada hər şey yerinə oturubdur.

Azərbaycanın neft strategiyası 1990-cı illərdə müəyyən edilibdir. Bu strategiyanı icra edirik. Əlbəttə ki, son on il ərzində neft-qaz sektorunun inkişafı, maraqlarımızın təmin edilməsi üçün tarixi nailiyyətlər əldə edilmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft, qaz kəmərləri, “Şahdəniz” layihəsinin icrası, “Şahdəniz-2” layihəsinə start verilməsi xalqımız üçün, gələcək üçün böyük bir nailiyyət olacaq və ölkəmizin müstəqil inkişafını təmin edəcəkdir.

Çünki biz 22 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Dünyaya, özümüzə sübut edə bilmişik ki, müstəqil ölkə kimi nəinki yaşaya, inkişaf da edə bilərik və dünya miqyasında ən sürətlə inkişaf edə bilərik. Bu, bizim böyük nailiyyətimizdir, uğurumuzdur, xalqımızın qələbəsidir. Biz çalışmalıyıq ki, Azərbaycan bundan sonra da yalnız yüksələn xətlə inkişaf etsin.

Buna nail olmaq üçün əlbəttə ki, hamımız çox fəal işləməliyik. Deyə bilərəm ki, cəmiyyətdə də çox gözəl ab-hava vardır. Cəmiyyət bizim siyasətimizə öz səsini əlavə edir. Bu dəstək olmasa idi, biz bu nailiyyətlərə çata bilməzdik. Ona görə gələcək illərlə bağlı konkret proqramların icrası nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir. Qeyri-neft sektorunun inkişafı davam etdirilməlidir. Yüksək texnologiyaların inkişafı təmin ediləcəkdir.

Azərbaycan artıq kosmik dövlətdir. Kim bunu bir neçə il bundan əvvəl təsəvvür edə bilərdi?! Kim təsəvvür edə bilərdi ki, bu gün o qədər də sayca böyük olmayan kosmik kluba Azərbaycan da üzv olacaqdır?! Yəni, bu, mümkündür. İradə, düşünülmüş siyasət və dövlət maraqları ön yerdə olan halda bütün bu nailiyyətlərə çatmaq mümkündür.

Ona görə bizim müstəqillik illərindəki təcrübəmiz, bugünkü maliyyə vəziyyətimiz, hökm sürən sabitlik, ictimai-siyasi asayiş imkan verir ki, biz ölkəmizi uğurla inkişaf etdirək, inamla idarə edək. Dünyada, bölgədə yaşanan böhranlara baxmayaraq, biz öz yolumuzla gedirik. Bu yoldan bizi heç kim döndərə bilməz. Bizim yolumuz müstəqillik yoludur, inkişaf yoludur. Bu yolda əminəm ki, biz yeni qələbələrə nail olacağıq.

Bakı şəhərinin və xüsusilə onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının da çox böyük əhəmiyyəti vardır. Çünki Bakıda hələ bir çox infrastruktur layihələri icra edilməli idi. Xüsusilə qəsəbələrdə böyük işlər görülməli idi. Bu Proqramın əsas mahiyyəti ondan ibarət idi ki, Bakı şəhərinin hər bir rayonunda ən müasir şərait yaradılsın. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyildir. Bakının mərkəzdən uzaq olan yerlərində də inkişaf getməlidir və gedir. Burada, foyedə nümayiş etdirilən stendlərdə son iki il ərzində görülən işlər haqqında məlumat verilir.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı qısamüddətli proqram idi. Cəmi iki il yarımı əhatə edirdi. Mən başa düşürdüm ki, bu, çox az bir müddətdir. İki il yarım ərzində bütün məsələləri həll etmək mümkün deyildir. Ancaq qarşıya hədəf qoyulmuşdur ki, biz nə qədər mümkündürsə, Bakıda bütün problemlərin həllinə tez nail olaq.

Proqram qəbul olunandan sonra onun icrası başlamışdır. Əlbəttə ki, dövlət büdcəsində Bakı şəhərinin və onun qəsəbələrinin inkişafı məsələləri öz əksini tapmışdır. Qısa müddət ərzində böyük işlər görülmüşdür, infrastruktur layihəsi icra edilmişdir. Bu gün Bakıda elektrik enerjisi ilə bağlı problemlər demək olar ki, yoxdur. Yığımla bağlı problemlər yoxdur. Vaxtilə ən böyük problemlərdən biri də ödəməmələr idi. Dövlət qurumları bir-birinə olan borcları ödəyə bilmirdilər. Beləliklə, çox qeyri-sağlam vəziyyət yaranmışdı. Artıq bu, keçmişdə qaldı.

Qazlaşdırma ilə bağlı demək olar ki, problem öz həllini tapmışdır. Bakı şəhəri təxminən 100 faizə yaxın qazlaşdırılıbdır. Qazlaşdırılmayan yerlərə də qaz çəkiləcəkdir. Su-kanalizasiya layihələrinin icrası istiqamətində genişmiqyaslı işlər başlamışdır. Bu işlər davam etdiriləcəkdir. Biz bu barədə danışacağıq.

Bakının istilik sisteminin bərpa edilməsi məsələsi kəskin şəkildə dayanmışdır. Çünki sovet vaxtında quraşdırılan avadanlıq sıradan çıxmışdır. Ondan sonra bəzi hallarda vətəndaşlar batareyaları kəsib kənara atmışlar. Ona görə bəzi yerlərdə bu günə qədər də istiliyi bərpa etmək çətindir. Ancaq buna baxmayaraq, bu istiqamətdə də işlər gedir.

Bakının yolları bərpa olunur, təmir edilir, yeni yollar açılır. İctimai zonalar yaradılır. Qəsəbələrlə bağlı kompleks tədbirlər icra edilir. Qəsəbələrin problemlərini biz bilirik. Mən Bakı qəsəbələrində tez-tez oluram. Biz problemləri dərindən öyrənirik və son iki il ərzində onların bir hissəsi, deyə bilərəm ki, böyük hissəsi həll olunmuşdur. Qalan hissəni də biz yaxın illərdə həll edəcəyik. Qəsəbələrarası yolların tikintisi sürətlə gedir. Bu yollar təkcə qəsəbələrarası yollar deyil, bütövlükdə Bakı şəhərinə xidmət göstərir. Yeni yollar çəkilir, bərpa edilir, genişlənir. Yəni, Bakıda yaşayan vətəndaşlar bunların hamısını yaxşı bilir. Bəlkə də bu barədə çox danışmağa ehtiyac yoxdur.

Ancaq biz kompleks şəkildə yanaşmışıq ki, qəsəbələrdə bütün məsələlər öz həllini tapsın. Məktəb, xəstəxana, yollar, su, kanalizasiya, işıq, qaz, iş yerləri, – bu məsələyə də diqqət göstərilir. Əgər ilkin mərhələdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə daha çox bölgələrə kreditlər ayrılmışdısa, hazırda Bakı qəsəbələrinə də güzəştli şərtlərlə böyük həcmdə kreditlər ayrılır.
Yəni, biz bu istiqamətdə, yenə də demək istəyirəm ki, böyük işlər görmüşük. Görüləcək işlər çoxdur. Ona görə biz bu gün – ilin sonunda Bakı və onun qəsəbələrinin inkişaf proqramının başa çatması ilə əlaqədar bu konfransı keçiririk. Burada indi vəzifəli şəxslər çıxış edəcəklər. Biz gələcək planlarımız haqqında fikir mübadiləsi aparacağıq.

X X X

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çıxışında dövlətimizin başçısının “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın reallaşması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirələrin, quruculuq işləri ilə bağlı imzaladığı sənədlərin əldə edilmiş uğurlar üçün əsaslı zəmin olduğunu vurğuladı. Nəhəng quruculuq işlərinin miqyasını konkret faktlarla əsaslandıran Hacıbala ABUTALIBOV dedi:

  • Azərbaycan Respublikası Prezidentinin “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən Bakı şəhəri üzrə inşası və əsaslı təmiri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulmuş 174 orta məktəb, 7 texniki peşə məktəbi, uşaq yaradıcılıq mərkəzləri və 121 uşaq bağçası–körpələr evinin əsaslı təmir-tikintisi başa çatdırılmış, başqa sözlə, 302 obyektdə əsaslı təmir-tikinti işləri aparılmış və ya sökülərək yenidən tikilmiş, 39 orta məktəbdə 776 sinifli 14920 şagird yerlik əlavə tədris korpusları, idman zalları və yeni sinif otaqları inşa edilmişdir. Hazırda 12 orta məktəbin əsaslı təmiri, 4 orta məktəbin yenidən inşası, 23 körpələr evi–uşaq bağçasının əsaslı təmiri və bir körpələr evi–uşaq bağçasının yenidən inşası işləri davam etdirilir. Qeyd etmək yerinə düşərdi ki, əsaslı təmir-tikinti işləri aparıldıqdan sonra uşaq bağçalarının genişlənməsi hesabına əlavə olaraq 166 qrupun, o cümlədən 3320 uşağın təlim-tərbiyə almasına imkan yaradılmışdır. Bundan başqa, 121 bağçada məskunlaşmış 772 qaçqın ailəsini yeni mənzillərə köçürmək şərti ilə təmir ediləcək həmin bağçalarda daha 12500 uşağın təlim-tərbiyə alınmasına şərait yaratmaq olar.

Eyni zamanda, Dövlət Proqramında nəzərdə tutulmuş Tədbirlər Planına əsasən Bakı və onun ətraf qəsəbələrinə keçən müddət ərzində 3 milyon kvadratmetrdən artıq asfalt örtüyü çəkilmiş, 8956 ədəd elektrik dirəkləri quraşdırılmış, yeni idman meydançaları salınmış, ətraf mühitin çirklənməsinin qarşısını almaq və yerli sakinlərin asudə vaxtlarını səmərəli keçirməsini təmin etmək məqsədilə görülən yaşıllaşdırma işləri nəticəsində xeyli miqdarda park və xiyabanlar insanların istifadəsinə verilmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı məktəbəqədər uşaq tərbiyə müəssisələrində baş verən keyfiyyət dəyişikliklərinə də toxunaraq bildirdi:

  • Əsaslı təmir-tikintisi başa çatdırılıb istismara qəbul olunan bütün uşaq bağçaları, uşaq evləri ən müasir avadanlıqla təchiz edilmiş, standartlara uyğun gün ərzində 4 dəfə olmaqla təzə ərzaqla təmin olunması və digər təminat məsələləri dövlət tərəfindən yüksək səviyyədə həll edilmiş və daimi nəzarətə götürülmüşdür.

Bu istiqamətdə atılan uğurlu addımlarla bağlı bir məsələni xüsusi olaraq qeyd etmək istərdim. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun xoşməramlı səfiri Bakı şəhəri və onun ətraf qəsəbələrinin abadlaşmasında əlahiddə xidmətləri olmuş Mehriban xanım Əliyevanın təşəbbüsündən və məqsədyönlü addımlarından sonra adı çəkilən müəssisələrin əməli fəaliyyətində müsbət istiqamətə yönəlmiş əsaslı dəyişikliklər müşahidə olunmuşdur. Bunun nəticəsidir ki, əvvəllər dövlət təminatlı uşaq bağçalarına uşaqları cəlb etmək problemi var idisə, indi əksinə, dövlət təminatlı uşaq bağçalarına tələbat artdığından valideynlər öz uşaqlarını uşaq bağçasına qoymaq üçün növbəyə yazılmalı olurlar.

Yeri gəlmişkən, diqqətinizə çatdırmaq istərdim ki, təqdim olunan məlumatlara əsasən Bakı şəhəri üzrə 94 orta məktəbin təmirinə, eyni zamanda, birnövbəli sistemə keçid üçün 109 əlavə korpusun, 28 yeni məktəbin tikilməsinə və 20 min 109 uşağın təlim-tərbiyə aldığı daha 192 uşaq bağçasının əsaslı təmirinə, 9 min 300 uşağın təlim-tərbiyə alması üçün 183 yeni bağçanın tikilməsinə ehtiyac vardır.

Hacıbala Abutalıbov Prezident İlham Əliyevin əhali ilə mütəmadi görüşlərinin, insanlarla birbaşa təmasda olaraq onların problemləri ilə yaxından tanış olub yerindəcə həll edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verməsini paytaxtın və ətraf qəsəbələrin sürətli inkişafı haqqında qərarların qəbul edilməsində, həmçinin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əlavə tədbirlər planlarının həyata keçirilməsində müstəsna rolundan danışaraq dedi:
– Sizinlə görüşdə yerli sakinlərin xahişini nəzərə alaraq verdiyiniz göstəriş əsasında inşa olunmuş göz oxşayan, insanların daimi istirahət guşəsinə çevrilmiş Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən parkı, Suraxanı, Sabunçu, Xəzər, Qaradağ və digər rayonlarda, qəsəbələrdə salınmış yeni yolları, Zeynalabdin Tağıyevin Mərdəkan qəsəbəsində tikdirdiyi Qızlar məktəbinin binasının bərpasını, möhtərəm Prezidentimizin orta məktəblərdə birnövbəliyə keçidlə bağlı verdiyi tapşırığa əsasən tikilmiş yeni məktəb korpuslarını, idman zallarını, Nəsimi və Səbail rayonlarında dünya standartlarına cavab verən parkinqləri, parkları və bir çox obyektləri göstərmək olar.

Hacıbala Abutalıbov paytaxtın sosial infrastrukturunun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər sırasında şəhərin lift təsərrüfatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışaraq qeyd etdi ki, 2013-cü ildə Bakıya yüksək standartlara cavab verən min lift qurğusu gətirilmişdir. Növbəti ildə daha min liftin alınması nəzərdə tutulmuşdur. Bildirildi ki, bu və digər tədbirlər bütövlükdə əhalinin rahatlığına və şəhərin gözəlləşməsinə xidmət edir.

X X X

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov ölkənin sosial-iqtisadi inkişafının kommunal sektorda, o cümlədən su təchizatı və kanalizasiya sistemində də köklü dəyişikliklərə səbəb olduğunu vurğuladı. Bu sahədə Bakı və ətraf qəsəbələrdə görülən işlər barədə məlumat verən Qorxmaz HÜSEYNOV dedi:

  • Son illər Bakı şəhəri və Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq, su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə “2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan” hazırlanmışdır. Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Böyük Bakının Regional İnkişaf Planı”, Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatları nəzərə alınmışdır. 18 bölmədən ibarət olan Master Plan hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülmüşdür.

Master Planın hazırlanması ilə paralel olaraq görüləcək işlərin layihələndirilməsinə də başlanılmışdır.

Belə ki, Su təchizatı sistemində 550 kilometr magistral su kəməri, 8100 kilometr su şəbəkəsi, ümumi həcmi 650 min kubmetr olan 65 su anbarı, məhsuldarlığı sutkada 1 milyon 300 min kubmetr olan 2 mərkəzi su nasos stansiyası layihələndirilmişdir.
Kanalizasiya sistemində Abşeron yarımadası 11 hövzəyə bölünməklə məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu, 140 kilometr kanalizasiya tunelləri, 680 kilometr kanalizasiya kollektorları, 6400 kilometr kanalizasiya şəbəkəsi layihələndirilmişdir.

Cənab Prezident, yarımadanın mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmayan qəsəbələrini su ilə təmin etmək məqsədilə Ceyranbatan-Balaxanı-Qala magistral kəməri qısa müddətdə tikilərək 2013-cü ilin avqust ayında istifadəyə verilmişdir. Uzunluğu 61 kilometr olan kəmərin istifadəyə verilməsi nəticəsində tarixən yeraltı sulardan istifadə edən Qala, Şağan, Mərdəkan, Şüvəlan və Binə qəsəbələri də daxil olmaqla Binəqədi, Mehdiabad, Digah, Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Hövsan, Yeni Suraxanı yaşayış massivlərində yaşayan əhalinin hazırda 122 min nəfərinin su təminatı əsaslı şəkildə yaxşılaşdırılmışdır. Eyni zamanda, tikilən yeni su kəməri mövcud Ceyranbatan-Maştağa xəttinin əhatə etdiyi zonada yerləşən Pirşağı, Kürdəxanı, Maştağa, Nardaran, Bilgəh, Buzovna qəsəbələrinin dayanıqlı su təchizatına da imkan yaratmışdır.

Dövlət Proqramına uyğun olaraq su təminatı zəif olan ərazilər əsas götürülməklə, Bakı şəhəri və ətraf qəsəbələrdə 820 kilometr uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan 7 ədəd su anbarı tikilmiş, 53 min mənzildən ibarət 900 çoxmənzilli yaşayış binasının daxili supaylayıcı sistemləri yenilənmiş, 120 min ədəd smart-kart tipli sayğac quraşdırılmışdır. Bu layihələr Bakı şəhərinin mərkəzi də daxil olmaqla, bütün qəsəbə və yaşayış massivlərini əhatə etmişdir.

Möhtərəm Prezident, Dövlət Proqramının icra edildiyi müddətdə 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmiş və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılmışdır. Beləliklə, Bakı şəhəri və ətraf qəsəbələrdə xidmət göstərilən əhalinin 78 faizinin fasiləsiz içməli su təminatına nail olunmuşdur. Eyni zamanda, əhaliyə verilən suyun keyfiyyətinə nəzarət etmək üçün müasir standartlara cavab verən Mərkəzi Laboratoriya tikilib Sizin iştirakınızla istifadəyə verilmişdir.

Cənab Prezident, Dövlət Proqramı çərçivəsində 200 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi tikilmiş, uzun illər lillənərək suburaxma imkanını 50 faizə qədər itirmiş 225 kilometr uzunluğunda kanalizasiya kollektoru və şəbəkəsi xüsusi maşınlarla yuyularaq təmizlənmişdir. 320 min nəfərin yaşadığı 1220 binanın zirzəmisində 6000 metr kanalizasiya xətləri yenilənmiş və ya bərpa edilmiş, nəticədə həmin binaların zirzəmilərinin sanitar-gigiyenik vəziyyəti yaxşılaşdırılmışdır.

Uzunluğu 6 kilometr olan kanalizasiya kollektorunun tikilməsi, Sahil və Dairəvi kollektorların təmizlənməsi nəticəsində buxtaya sutka ərzində axan 170 min kubmetrə qədər çirkab suyun qarşısı alınaraq Hövsan Aerasiya Stansiyasına yönəldilmişdir. Hövsan Aerasiya Stansiyasında görülən əlavə tədbirlər nəticəsində dənizə axıdılan suyun texniki göstəriciləri normalara uyğunlaşdırılmış, lilin emalı ilə bağlı son texnologiya tətbiq olunmuşdur. Xəzər dənizinə Novxanı-Sumqayıt sahil zonasından 16 nöqtədən axan çirkab suların qarşısını almaq məqsədilə uzunluğu 15 kilometr olan kanalizasiya kollektoru tikilib istifadəyə verilmişdir. Bununla da Novxanı-Sumqayıt çimərliklərinin çirklənməsinin qarşısı alınmışdır.

Başa çatdırılmış bu işlərlə yanaşı, içməli su təchizatında müstəsna əhəmiyyət kəsb edəcək, təməli Sizin tərəfinizdən qoyulmuş, məhsuldarlığı sutkada 520 min kubmetr olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi davam etdirilir və 2014-cü ildə başa çatdırılacaqdır.

Mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan Zirə, Türkan, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin edəcək Qala-Zirə-Pirallahı kəmərinin davam edən tikintisi də 2014-cü ildə başa çatdırılacaqdır. Abşeron yarımadasında yaranan çirkab suların idarə olunması üçün 11 ünvanda ümumi uzunluğu 50 kilometr olan tunel tipli kanalizasiya kollektorlarının tikintisinə start verilmişdir.

Qarşıdakı illərdə yeni Dövlət Proqramına uyğun olaraq ətraf qəsəbələrdə 450 kilometr magistral su xəttinin və ümumi tutumu 500 min kubmetr olan 50 su anbarının, 6500 kilometr içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulur. Bu işlər başa çatdıqdan sonra Bakı şəhərində və ətraf qəsəbələrdə yaşayan bütün əhali fasiləsiz içməli su ilə təmin olunacaqdır.

X X X

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın reallaşması üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlərdən danışan qurumun sədri Yaşar HƏSƏNOV dedi:

  • Bakı şəhərinin və onun qəsəbələrinin kompleks inkişafı ilə paralel aparılan istilik təchizatı layihələrinin həyata keçirilməsi əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan vermişdir.

Dövlət Proqramına uyğun olaraq 2011-2013-cü illər ərzində yalnız “Azəristiliktəchizat” ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası və yaxşılaşdırılması ilə bağlı 664 layihə icra edilmişdir.

Dövlət Proqramında təhsil və səhiyyə müəssisələrinin istilik təchizatı sistemlərinin bərpası ilə bağlı icrası “Azəristiliktəchizat” ASC tərəfindən nəzərdə tutulmuş bəzi layihələr Bakı şəhər İcra Hakimiyyəti və aidiyyəti nazirliklər tərəfindən binaların əsaslı təmiri layihələri çərçivəsində tam həyata keçirilmişdir.

Proqramın icrası müddətində yaranmış zəruriyyətlə əlaqədar əlavə olaraq 3 məktəbin və 1 səhiyyə obyektinin məhəllədaxili, aşağı paylama və binadaxili istilik sistemi tamamilə yenidən qurulmuş, 4 yeni qazanxana tikilmiş, 5 qazanxana ən müasir avadanlıqlar quraşdırılmaqla tam modernləşdirilmiş, rayonun istilik qazanxanalarından qidalanan 9 istilik məntəqəsi yenidən qurulmaqla məhəlli qazanxanaya çevrilmiş, 101 yaşayış binasının məhəllədaxili və aşağı paylama istilik sistemi tamamilə yenidən qurulmuşdur.

Həyata keçirilən bütün bu tədbirlər nəticəsində Ələt, Müşfiqabad, Biləcəri, Badamdar və digər qəsəbələrdə uzun illər istiliklə təmin edilməyən çoxmərtəbəli yaşayış binalarının istilik təchizatı bərpa edilmişdir. Yeni yaradılmış Pirallahı rayonunda layihə üzrə mərkəzləşdirilmiş istilik təchizatı sisteminə qoşulan çoxmərtəbəli yaşayış binalarını tam istiliklə təmin edən istilik mənbələri yaradılmışdır. Bundan başqa, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının istilik təchizatının təmin edilməsi ilə bağlı kompleks tədbirlər planı hazırlanaraq icra edilir.

Həyata keçirilən tədbirlər hazırkı qış mövsümündə yalnız Bakı şəhərində 320 qazanxana istismar edilməklə 2760 yaşayış binası, 730 təhsil, səhiyyə və digər sosial obyektin istiliklə təmin edilməsinə imkan vermişdir. “Azəristiliktəchizat” ASC-nin yaradıldığı 2005-ci illə müqayisədə Bakıda istismar edilən qazanxanaların sayı 3,6 dəfə, istiliklə təmin edilən yaşayış binalarının sayı 2,8 dəfə, sosial obyektlərin sayı 2,8 dəfə artmışdır.

Əlavə olaraq bildirmək istərdim ki, Pirallahı rayonunda, Biləcəri qəsəbəsində, Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarında, Yasamal və Xətai rayonlarında 10-a yaxın qazanxananın tikintisi tam başa çatdırılmışdır və hazırda son sınaq sazlama işləri aparılır və həmin qazanxanalar yaxın günlərdə istismara buraxılacaqdır ki, bu da əlavə olaraq 118 çoxmərtəbəli yaşayış binasının istiliklə təmin edilməsinə imkan verəcəkdir.

X X X

Dövlətimizin başçısı konfransda yekun nitqi söylədi.