“Prezident müsahibəsində geniş arealı əhatə edən önəmli mesajlar verdi” – Rəşad Mahmudov

Azərbaycan xalqı tarixi anları yaşayır. Siyasi müstəqilliyini qazanan xalqımız 30 il işğal atlında qalan torpaqlarını erməni vandallarından təmizləməklə ərazi bütövlüyünü də tam bərpa etdi. Epoxal hadisənin miqyasını və qiymətini dəyərləndirmək indi asan məsələ deyil. Amma birmənalı şəkildə demək olar ki, böyük güclərin maraqlarının kəsişməsinə baxmayaraq, Azərbaycan Cənubi Qafqaz regionunun çox önəmli aktoru olaraq milli maraqlarını qorumaqla yanaşı, xoşniyyətli dövlətlərarası əlaqələrin inkişafına da töhfəsini verir. Bu həqiqətləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir daha aydın şəkildə bəyan etdi, bir çox mühüm məsələlərə aydınlıq gətirdi.

Geniş ictimai maraq doğuran müsahibədə İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin indiki və gələcəyi barədə sualları cavablandırmaqla iki ölkə arasında əlaqələrin inkişafının hansı amillərdən asılı olduğunu açıqladı. Eyni zamanda, dövlət başçısı postmüharibə reallıqları fonunda Cənubi Qafqaz regionundakı geosiyasi vəziyyəti dəyərləndirərək Azərbaycanın ancaq milli maraqlarına uyğun hərəkət edəcəyini vurğuladı. Prezident İlham Əliyevin ənənə halını almış müsahibəsinə ötən ilin yekunlarına verilmiş ümumi qiymətləndirmə kimi də yanaşmaq olar.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov söyləyib.

Onun sözlərinə görə, 2023-cü ilin nəticələrinə dair təhlillər ictimai maraq doğurur. Xüsusilə də 2023-cü il gündəmdə ilk növbədə müharibədən sonrakı vəziyyət dayanır. Ötən il Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi və Qarabağdakı erməni separatizmini arxivin zibilliyinə atdı. Bundan başqa, ötən il Azərbaycan 30 illik işğalın nəticələrini aradan qaldırmaqla yanaşı, Ermənistanla sülh prosesinin davam etdirilməsinə də çalışdı.

Prezident İlham Əliyev bu tarixi hadisə ilə bağlı bildirdi ki, “İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi”. Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan xalqı 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayır: “Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayıb”. Bundan başqa, rəsmi Bakı 2023-cü ildə də davam edən bəzi qeyri-regional dövlətlərin destruktiv fəaliyyətlərinə də adekvat cavab verdi, heç bir halda milli maraqlara zidd olan hərəkətlərə yol verməyəcəyini əməli addımları ilə nümayiş etdirdi.

Ümumiyyətlə, Prezident İlham Əliyev müsahibəsində geniş arealı əhatə edən önəmli mesajlar verdi. Postmüharibə dövrünün reallıqlarını qəbul etmək istəməyən və hər fürsətdə Azərbaycana qarşı destruktiv addımlar atmağa can atan qeyri-regional ölkələrə yerini göstərdi. Dövlətimizin başçısı birmənalı şəkildə bildirdi ki, Azərbaycan sülh gündəminə sadiqdir, ancaq milli maraqlarına hər hansı bir təhlükə hiss edərsə, adekvat tədbirlər görməkdən çəkinməyəcək. Belə bir təhlükənin də haradan gəldiyini gizlətməyən Prezident aydın şəkildə xəbərdarlıq etdi ki, Ermənistanı yeni müharibəyə həvəsləndirən Fransanın geosiyasi ambisiyaları olduqca cılız görünür: “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”.

Dövlət başçısı Fransa neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin bu ölkənin zülmündən azad olunması prosesini dəstəkləyəcəyini də açıq şəkildə qeyd etdi. Azərbaycan lideri müsahibəsində həm İrəvana, həm də Parisə belə bir mühüm ismarıc da ünvanladı ki, kənar güclərin Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına qarışması gözlənilən nəticəni verməyəcək. “Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur”, – deyən Prezident İlham Əliyev əlavə etdi ki, bu, iki müstəqil dövlət arasında imzalanacaq sülh müqaviləsi olmalıdır. Dövlət başçısı bununla bütün tərəflərin nəzərinə çatdırdı ki, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi geosiyasi çəkişmələrin predmeti olmamalıdır. Prezident İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan sülh danışıqlarında heç bir zəmanətçilərə ehtiyac duymur: “Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.

Prezidentin müsahibəsində önəmli məqamlardan biri də Ermənistanın regional dalanda qalmaq riskinin yüksək olmasını xatırlatmasıdır. Məlumdur ki, rəsmi İrəvan üç ildir Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Dövlətimizin başçısı birmənalı şəkildə bildirdi ki, Ermənistan Azərbaycanın təklif etdiyi marşrutu açmasa, regional təcridi davam edəcək: “Dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik”. Dövlətimizin başçısının sözlərinə, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və beləliklə, onlar bundan nəinki xeyir, daha çox ziyan görəcəklər.

Dövlət başçımız fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri barədə də fikirlərini və seçkiləri şərtləndirən əsas amilləri açıqladı. Prezident İlham Əliyev bunun ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirdi. İkinci səbəbin müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyini vurğulayan dövlət başçısı əlavə etdi ki, prezident kimi fəaliyyətinin 20 ili tamamlandı: “Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”.

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycan həqiqətlərini, ölkəmizin yaratdığı reallıqları növbəti dəfə dünyaya nümayiş etdirdi: “Prezident açıq şəkildə bir daha bəyan etdi ki, Azərbaycan heç vaxt başqa ölkənin daxili işlərinə qarışmayıb və belə nümunə yoxdur. Nə bu gün, nə də torpaqlarımız işğal altında olanda belə, biz hətta Ermənistanın daxili işlərinə də heç vaxt qarışmamışıq. Bütün bunların fonunda bizim daxili işlərimizə hansısa ölkələrin qarışması qəbulolunmazdır.

Çünki biz müstəqil ölkəyik və bütün qərarlarımızı milli maraqlarımıza uyğun, elə müstəqil şəkildə veririk. Heç bir ölkə bizi idarə edə bilməz! Nə təzyiq, nə də anti-Azərbaycan qarayaxması bizi yolumuzdan döndərə bilməyəcək. Ölkəmizdə mövcud olan Lider-Xalq birliyi bütün təhdidlər qarşısında keçilməz səddir!”.