“Azərbaycana etimad göstərilir” Deputat

İyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Azərbaycan Prezidenti İlham Əliyev proqram xarakterli çıxış edib. Prezidentin bu çıxışında Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü dövründə atdığı mühüm strateji əhəmiyyətli addımların mahiyyəti açıqlanıb, eyni zamanda, ölkəmizin pandemiyadan sonrakı dövrdə təşkilata sədrliyi zamanı atacağı addımların çox geniş xülasəsi səslənib. Dövlətimizin başçısı, ilk növbədə, Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyündən sonrakı dövr ərzində ölkəmizin üzərinə götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirdiyini və bu təşkilatın daha da güclənməsinə beynəlxalq aləmdə söz sahibinə çevrilməsi işinə layiqli töhfələr verdiyini diqqətə çatdırıb.

Bu sözləri  Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, Azərbaycan, həmçinin Qoşulmama Hərəkatının təsisatlanması nöqteyi-nəzərdən mühüm təşəbbüslərlə çıxış edib. Məhz Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradılıb, Gənclər Təşkilatı formalaşdırılıb. Eyni zamanda, Azərbaycan artıq Qoşulmama Hərəkatının qadınlar platformasının hazırlanması üzərində işi həyata keçirməkdədir. Bunlar hamısı nəticə etibarilə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə yeri, rolu və çəkisini daha da güclənməsi mənafeyinə xidmət göstərir. Azərbaycanın bu tarixi uğurlarını nəzərə alaraq Qoşulmama Hərəkatının yekdil rəyi ilə ölkəmizin sədrliyi müddəti daha bir il uzadılıb. Bu, Azərbaycana olan etimadın ifadəsi, Azərbaycan dövlətinin unikal addımlarına və şəxsən Prezident İlham Əliyevin sədrliyinə verilən yüksək qiymət idi.

“Prezident İlham Əliyev nazirlər görüşündə Yeni Kaledoniya, Korsika adlarını səsləndirdi. Həmçinin Fransanın bu ərazilərdəki müstəmləkə siyasətinin ağır nəticələrini vurğuladı. Qeyd etdi ki, xüsusilə Əlcəzair dövlətinə münasibətdə Fransa soyqırımı siyasətini həyata keçirir. Bir milyon yarımdan artıq əlcəzairlinin qətlə yetirilməsi Fransanın vicdanına yazılan məsələlərdir. Fransa həmin siyasəti bu gün də həyata keçirməkdədir. Bu gün Fransada irqçilik siyasəti davam etdirilməkdədir. Ölkənin demək olar ki, bütün şəhərlərində ciddi siyasi böhran özünü nümayiş etdirməkdədir. Prezident İlham Əliyev bu məsələləri qaldırmaqla Qoşulmama Hərəkatı üzvlərini oxşar məsələlərin həllinə töhfə verməyə çağırdı. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının Bakıda keçirilən Əlaqələndirmə Bürosunun nazirlər görüşündə səsləndirdiyi fikirlər regional və qlobal məzmun kəsb edir. Həm regionumuzda, həm də bütövlükdə dünyada sülhün, ədalətin, təhlükəsizliyin təmin edilməsi, yeni və daha ciddi çağırışlara qarşı səylərin birləşdirilməsi mənafeyinə xidmət edir”, – deyə Elman Nəsirov vurğulayıb.