“Prezident özünün hər səfəri ilə Azərbaycan və Ermənistan arasında fərqi ortaya qoyur” – Deputat

“Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrimizə hər səfəri özlüyündə ciddi siyasi hadisəyə çevrilir və hər kəs aidiyyəti üzrə bu səfərlərdən və cənab Prezidentin həmin bölgələrdən verdiyi bəyanatlardan öz dərsini alır”. Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat qeyd edib: “Bildiyiniz kimi, möhtərəm Prezident işğaldan azad olunmuş bölgələrimizə onlarla səfər edib və demək olar ki, hər səfər bəyanatlarla müşayiət olunub. Biz səslənən fikirləri qruplaşdırsaq, 3 istiqamətdə tezisi aydınlaşdıra bilərik.

Birincisi, Prezident özünün hər səfəri ilə Azərbaycan və Ermənistan arasında fərqi ortaya qoyur. 30 illik işğal dönəmində işğal bölgəsində daşı-daş üstündə qoymayan, böyük şəhərləri yerlə-yeksan edən, təbiətə, mədəni irsə düşmən kəsilən erməni işğalçılarından fərqli olaraq Azərbaycan Prezidenti Livan ölçüdə bir ərazini sıfırdan yenidən qurur. Hər qarışı minalanmış Qarabağ və Şərqi Zəngəzur məhz cənab İlham Əliyevin rəhbərliyi altında başlanan quruculuq-bərpa prosesi ilə Avropanın ən müasir yaşayış məskənlərindən birinə çevrilməkdədir.

İkinci mühüm bir məqam, bu gün beynəlxalq hüquq davası edən qlobal güclərin qisas naminə min kilometrlər qət etdiyinin şahidi olduğumuz halda Azərbaycan Prezidenti ekosidin, urbisidin, kulturasidin törədildiyi ərazidən Ermənistana sülh təklif edir. Riyakar, ikili standartlarla hərəkət edən dövlətlərdən fərqli olaraq Azərbaycan qisasını döyüş meydanında alaraq gələcəyə qisasçılıq hisləri ilə addımlamır. Biz qarşılıqlı faydalana biləcəyimiz, sülh və əməkdaşlıq mühiti arzu edirik və cənab İlham Əliyev bunu Qələbəmizin rəmzi olan Şuşadan dünyaya bəyan edir. Azərbaycan Prezidenti göstərir ki, biz işğal, təcavüz, müharibə cinayətləri zonasını əmin-amanlıq zonasına çevirmişik. Böyük Qayıdış çərçivəsində Ağalı, Talış və Laçın sakinləri ilə görüşləri, onlara yaradılan şərait fonunda verilən mesajlar göstərir ki, biz 30 il vandalizmin hökm sürdüyü əraziləri ləyaqətli yaşayan, yüksək rifahın təmin olunduğu məkana çevirmişik.

Ən nəhayət, Qarabağ və Şərqi Zəngəzura hər səfərində cənab İlham Əliyev Ordumuzun gücündən qürurla danışır, hərbi imkanlarımızı artırmağın zərurətini bəyan edərək dünyaya bu bölgələrin əsl sahibinin kim olduğunu praktik olaraq göstərir. İlham Əliyevin bütün iddialara, cəhdlərə baxmayaraq məhz Qarabağdan və Zəngəzurdan sözünü deməsi Azərbaycanın yaratdığı reallığı istənilən formada qorumaq imkan və gücündə olduğunu nümayiş etdirir”.