Prezident parkın açılışını etdi

11

 

Bakıda Dədə Qorqud parkının açılış mərasimi olub.

Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə “Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında” Fərman imzalamışdı. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” 2007-ci il 2 aprel tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə həmin Fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılmışdı. Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınmışdır. Parkın mərkəzində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılmışdır. Abidənin müəllifi Əməkdar Rəssam, heykəltəraş Görüş Babayevdir.

Dövlət başçısı əvvəlcə Azərbaycanın elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdullayev və Xalq Rəssamı Görüş Babayev çıxış edərək dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.

Azərbaycan Prezidenti abidənin üzərindəki örtüyü götürdü.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra dövlət başçısı və tədbir iştirakçıları parkda yaradılmış şəraitlə tanış oldular.

Parkın 6 hektarlıq ərazisinin yarısında göl yaradılmışdır. Bu nadir gölün inşasında ən son yeniliklərdən istifadə edilmişdir. Quraşdırılan texnologiyaların müasirliyinə və mürəkkəbliyinə görə belə bir göl ilk dəfə Azərbaycanda istifadəyə verilir. Parkda müasir şəlalə yaradılmış, gəzinti üçün körpülər inşa edilib.

Dövlət başçısı parkda yaradılmış şəraitdən razılığını bildirib.