Prezident Sumqayıtda təməlqoyma mərasimlərində – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, 150 çarpayılıq xəstəxananın bina və qurğuları 6,1 hektar sahədə inşa edilib, tikililərin ümumi sahəsi 18 min 288,4 kvadratmetrdir.

Qeyd edilib ki, səhiyyə ocağının tikinti işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb.

Xəstəxana poliklinika, təcili tibbi yardım, 30 çarpayılıq terapiya, 30 çarpayılıq cərrahiyyə, şüa diaqnostika, hemodializ, oftalmologiya, endokrinoloji terapiya, endokrinoloji cərrahiyyə, nevrologiya, 10 çarpayılıq əməliyyat bloku, reanimasiya və sair şöbələrdən, həmçinin laboratoriyadan, digər tikili və qurğulardan ibarətdir.

Müalicə ocağı müasir tələblərə cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal teleskopik rentgen cihazı, rəqəmsal DR rentgen qurğusu, oftalmoloji müayinə üçün mikroskop, oftalmoloji cərrahi əməliyyatlar üçün PHACO AMO cihazı və iki ədəd rəqəmsal stasionar ultrasəs müayinə cihazı ilə təchiz olunub.

Xəstəxananın həyəti abadlaşdırılıb, yaşıllıq sahələri salınıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə son illər Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bu sahədə aparılan davamlı islahatlar, həyata keçirilən layihələr sayəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti və əhatə dairəsi yüksəlib. Görülən işlər əhalinin sağlamlığının qorunmasına, onların hərtərəfli tibbi xidmətlərlə əhatə olunmasına imkan verir ki, bu da vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlətimizin başçısına stadionda görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.

Tamaşaçı tutumu 9502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.

Bildirildi ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var.

Son illər ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək göstəricilər əldə edir, üçrəngli Bayrağımızı ucaldırlar. Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafının və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti uğurla davam etdirilir. Bu diqqət və qayğı həm də yeni nəslin sağlam ruhda böyüməsinə, gənclərin idmana marağının artırılmasına yönəlib ki, belə idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin həyata keçirilməsində mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıtda olub.

Dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənayesi Parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlini qoyub, “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin, “Universal Qablaşdırma Sənayesi” QSC-nin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışında iştirak edib, “Kartaş Kimya” MMC-nin müxtəlif Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlini qoyub.

Sonra dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.