Prezident Türkmənistanda

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri noyabrın 22-də başa çatıb.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

****

Noyabrın 22-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata birgə bəyanatla çıxış ediblər.

****

Noyabrın 22-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatını dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Batır Bazarov imzalayıblar.

“Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistan Elmlər Akademiyasının prezidenti Sapardurdı Toylıyev iimzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramı”nı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistanın təhsil naziri Mammetmırat Geldiniyazov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Azat Atamıradov imzalayıblar.

“Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov və Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyinin sədri Aleksandr Dadayev imzalayıblar.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi arasında nəqliyyat və tranzit məsələlərinə dair Saziş”i “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Azat Atamıradov imzalayıblar.

“Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında Saziş”i Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Türkmənistanın Dövlət Gömrük Xidmətinin rəisi Atadurdı Osmanov imzalayıblar.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində “ADA” Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu arasında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Baba Zaxırov imzalayıblar.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində “ADA” Universiteti ilə Humanitar Elmlər və İnkişaf üzrə Beynəlxalq Universitet arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Humanitar Elmlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektoru Esen Aydoqdıyev imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan iki dövlətin (əlavə) ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Dövlət Miqrasiya Xidmətinin sədri Merqen Qurdov imzalayıblar.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında dəniz ticarət gəmiçiliyinin inkişafına dair Saziş”i “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidmətinin sədri Annamurad Qurdov imzalayıblar.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında avtomatlaşdırılmış informasiya mübadiləsi haqqında Saziş”i “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidmətinin sədri Annamurad Qurdov imzalayıblar.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında yükaşırma həcmlərinin artırılması haqqında Saziş”i “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidmətinin sədri Annamurad Qurdov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanlarından keçən daşımaların inkişafı haqqında Saziş”i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidmətinin sədri Annamurad Qurdov imzalayıblar.

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın Avtomobil Nəqliyyatı Nazirliyi arasında beynəlxalq avtomobil daşımalarının inkişafı haqqında Saziş”i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın avtomobil nəqliyyatı naziri Orazdurdı Suxanov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2022-ci illər üçün nəqliyyat sahəsində əməkdaşlıq Proqramı”nı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın avtomobil nəqliyyatı naziri Orazdurdı Suxanov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın sənaye naziri Xoşgeldi Mergenov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üzrə ticarət-iqtisadi əməkdaşlıq Proqramı”nı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Amandurdı İşanov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Amandurdı İşanov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Batır Bazarov imzalayıblar.

****

Noyabrın 22-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri davam edir.

****

Noyabrın 22-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri davam edir.

****

Noyabrın 22-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilib.

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan əsgərlərini salamlayıb. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkmənistanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Aşqabadda akkreditə olunmuş səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Sonra prezidentlər rəsmi foto çəkdiriblər.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda Türkmən milli xalça muzeyi ilə tanış olub.

Bu muzey Türkmənistan Prezidentinin Sərəncamı ilə 1993-cü ildə yaradılıb.

Məqsəd Türkmənistanın xalçaçılıq sənətini qorumaq və inkişaf etdirməkdir. Muzeyin yaradıldığı gün hər il ölkədə Türkmən Xalçası Günü kimi qeyd olunur.

Burada muzeylə yanaşı, “Türkmənxalı” Dövlət Birliyinin inzibati binası da var. Muzey binasının ümumi sahəsi 5 min kvadratmetrdən çoxdur.

Bu muzeydə 2 mindən çox xalça nümunəsi toplanılıb. Onların sırasında nadir eksponatlar da var. Burada miniatür xalça nümunələri ilə bərabər, əl ilə toxunan ən böyük xalça kimi Ginnesin rekordlar kitabına düşmüş ümumi sahəsi 301 kvadratmetr olan “Altın asır” xalçası da nümayiş etdirilir. Bu böyük xalça Türkmənistanın müstəqilliyini bərpa etməsinin 10 illiyi münasibətilə toxunulub. Muzeydə köhnə xalçaların bərpası da həyata keçirilir.

Burada, həmçinin müxtəlif səpkili mədəni tədbirlər, sərgilər, beynəlxalq forumlar və konfranslar da təşkil olunur. Bu muzey Türkmənistanın mühüm mədəniyyət mərkəzlərindən biri hesab edilir.

Azərbaycanın dövlət başçısı muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub.

2017-ci ildə Aşqabadda keçirilən qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının ən əsas idman obyektləri bu Kompleksin ərazisində yerləşir.

Ümumi ərazisi 157 hektar olan Olimpiya Kompleksində qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının açılış və bağlanış mərasimləri, bütün yarışlar, o cümlədən mükafatlandırma tədbirləri təşkil olunub. Kompleksdə ümumilikdə 30-dan çox müxtəlif təyinatlı idman qurğusu, həmçinin 45 min tamaşaçı tutumu olan Olimpiya stadionu, paralimpiya kompleksi və tibbi bərpa mərkəzi yerləşir.

Ərazidə, eyni zamanda, üzgüçülük arenası, voleybol, basketbol, futbol meydançaları, Olimpiya kəndi, qapalı velotrek, döyüş sənəti üzrə idman kompleksi, yüngül atletika arenası və tennis kortu, eləcə də idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün çoxfunksiyalı zal inşa olunub.

Aşqabad Olimpiya Kompleksində, həmçinin biznes-mərkəz, mehmanxanalar və sağlamlıq mərkəzi də fəaliyyət göstərir.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib.

Kompleksdə 1948-ci ildə baş vermiş zəlzələ zamanı həyatlarını itirmiş və Göytəpə döyüşlərində şəhid olmuş insanların xatirəsinə abidələr ucaldılıb.

Prezident İlham Əliyev “Əbədi şöhrət” abidəsinin önünə əklil qoyub.

Sonra dövlətimizin başçısı “Vətən müqəddəsliyi” muzeyi ilə tanış olub.

Muzeydə Göytəpə döyüşlərinin maketi quraşdırılıb, eyni zamanda, Göytəpə qalası, həmin döyüşlərin qəhrəmanları, döyüşlər zamanı istifadə olunan silah və libaslar, həmçinin digər eksponatlar nümayiş olunur.

Dövlətimizin başçısı 1881-ci ildə baş vermiş Göytəpə döyüşlərinin instalyasiyasına baxıb. Muzeydə, eyni zamanda, İkinci Dünya müharibəsi, onun qəhrəmanları, həmçinin həmin müharibə zamanı hərbçilərin istifadə etdikləri geyimlər, silah-sursat və digər eksponatlar sərgilənir.

Muzeyin növbəti bölməsi 1948-ci ildə Aşqabadda baş verən zəlzələyə həsr olunub. Burada həmin zəlzələ zamanı dağılan binaların qalıqları təqdim edilir.

Türkmənistanın inkişafına həsr olunan bölmədə müasir Aşqabadın görkəmini əks etdirən fotolar nümayiş etdirilir.

Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

****

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gedib.

Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkmənistanın baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşılayıblar.

 

Orxan


Comments are closed.