Prezidenti Ərdoğanı təbrik etdi

XALQ.AZ xəbər verir ki, Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilib

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.

Dövlət başçısının Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda deyilir: “Qurucusu olduğunuz partiyanın yenidən Sədri seçilməyiniz partiya üzvlərinin Sizə olan sonsuz inam və etimadının aşkar təzahürü, Türkiyənin inkişafı və rifahı naminə göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hərtərəfli inkişaf edir və regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, inkişafa töhfələr verir”.

Qarşılıqlı faydalı əməkdaşlığın, birgə gerçəkləşdirilən irimiqyaslı layihələrin strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm məqamlar olduğunu vurğulayan prezident İlham Əliyev birgə səylərlə Azərbaycan-Türkiyə müttəfiqliyinin və qardaşlığının bundan sonra da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

 

Orxan