Əfv olunmuş insanların cəmiyyətimizə uğurlu inteqrasiyası məsələsi vacib məqamdır

“Bu gün ölkə Prezidenti cənab İlham Əliyev müasir Azərbaycan dövlətinin qurucusu ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Sərəncam imzaladı. Ümumi mənzərəyə baxsaq, bu əfv həm müstəqil Azərbaycan dövlətinin tarixində, həm də cənab Prezidentin indiyə qədər imzaladığı əfv haqqında Sərəncamların arasında ən böyüyüdür. Sərəncama əsasən, 801 məhkum əfv olunub. Onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər isə məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad ediliblər. Bu, ölkə başçısının humanist, bəşəri dəyərlərə, insan haqlarına və digər fundamental hüquqlara ehtiramının göstəricisidir. Burada maraqlı məqamlardan biri əfv edilmiş məhkumlardan 14-nün əcnəbi olmasıdır. Əfv Sərəncamı cənab İlham Əliyevin ümummilli liderimizin Azərbaycan qarşısındakı xidmətlərinin, dövlətimizin qurucusuna olan ehtiramının, Azərbaycan xalqının ulu öndərə olan sevigisinin təzahürü, humanist dəyərlərə böyük diqqətinin göstəricisi kimi qiymətləndirilməlidir”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Neçə-neçə evlər, ailələr, nəsillər sevinəcək. Həm də digər məsələ əfv olunmuş insanların cəmiyyətimizə uğurlu inteqrasiyası məsələsidir. Cənab Prezident onları əfv edərək ümid etdiyini göstərir ki, bu insanlar bir də heç vaxt həbsxana həyatına geri qayıtmayacaqlar, cəmiyyətimizin dəyərli üzvləri kimi dövlət quruculuğu sahəsində, milli-mənəvi dəyərlərimizə, qanunlara hörmət ruhunda bu gündən sonrakı həyatlarına davam edəcəklər. Əksinə, öz həyat fəaliyyətləri, hərəkətləri, davranışları ilə cəmiyyətin yüksək səviyyəli təbəqəsinin üzvləri kimi ölkəmizə yalnız başucalığı gətirəcəklər, həm də çalışdıqları sahələrdə özlərinə, ailələrinə, cəmiyyətimizə töhfə verəcəklər”, – deputat bildirib.