Prezidentin Cəlilabad haqqında Sərəncamları

Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları Cəlilabad rayonunda da uğurla yerinə yetirilir. Son on ildə rayonda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, rayon Mərkəzi Xəstəxanası, Şahmat məktəbi, Yaradıcılıq mərkəzi, təhsil, mədəniyyət və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, iri kənd təsərrüfatı və emal müəssisələri yaradılmış, yeni avtomobil yolları çəkilmiş və abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Cəlilabad Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2013-cü il.

 


 

Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. İyirmi üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2013-cü il.