Prezidentin çıxışının hər cümləsi ATƏT-in Minsk qrupunun həmsədrlərinə ittiham idi

ATƏT-in Minsk qrupunun rəhbərləri nəhayət, bir ildən sonra Azərbaycanda peyda oldular. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etdi.


Dövlət Başçımız həmsədrlərə 28 il onların mandatında olan keçmiş “Dağlıq Qarabağ” probleminin Azərbaycanın özünün 44 günə necə həll etdiyi və artıq regionda yeni bir reallıq yaratdığı mövzusunda tarix dərsi keçdi. Azərbaycanın 30 ilə yaxın davam edən münaqişəni güc yolu və siyasi vasitələrlə həll etdiyini və Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu bildirən Prezident İlham Əliyev onu da qeyd etdi ki, “təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi”.
Bu sözləri XALQ.AZ-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
T.Cəfərova qeyd edib ki, cənab Prezidentin çıxışının hər cümləsi ATƏT-in Minsk qrupunun həmsədrlərinə ittiham idi. “BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi… “Münaqişənin hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər”. Bu sözlər Prezident İlham Əliyevə məxsusdur.
Prezident İlham Əliyev açıq və sərt formada vurğuladı ki, münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib. Ötən illər ərzində mandat sahibi olan ölkələr də Ermənistan kimi danışıqlar prosesində imitasiya ilə məşğul olmuş, məsələnin həllini ləngitməyə çalışmışlar. Düzdür 10 il əvvəl Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişlər. Azərbaycan bəyannaməni dəstəkləsə də, lakin müəyyən vaxtdan sonra həmsədr ölkələrin liderləri status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar vermişlər.
Deputat bildirib ki, 28 il ərzində Minsk qrupu özünün müvafiq mandatından istifadə edib Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa məcbur edə bilərdi. Onların bunu etməyə hüquqi əsasları var idi. Həmçinin Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilə bilərdi. Təəssüf ki, illər ərzində biz yalnız status-kvonun saxlanılması cəhdlərinin, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunun şahidi olduq. Nəticədə, status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilmişdir. Ötən dövr ərzində Minsk qrupu həmsədrlərinin bəyanatları, çıxışları münaqişənin hərbi həllinin olmadığı, yalnız sülh yolu ilə həll oluna biləcəyi yönündə idi. Lakin, Azərbaycan bu münaqişəni hərbi-siyasi vasitələrlə həll etdi. Artıq “Dağlıq Qarabağ” problemi tarixə qovuşmuşdur.
Millət vəkilinin fikrinə görə, Azərbaycan özünün taleyüklü məsələsini özü hərbi-siyasi yollarla həll etmişdir. Azərbaycanın regionda yaratdığı yeni reallıq qarşısında faktiki olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmamışdır. Bununla yanaşı, qrupun gələcək mandatı da şübhə altındadır və Azərbaycanla razılaşdırılmalıdır. Görüşdə cənab Prezident İlham Əliyevin sözləri Minsk qrupunun həmsədr ölkələrindən olan Fransanın bu günə qədər Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli münasibətə, ikili standartlara qarşı cavab mahiyyətində idi. Beləki, ölkə başçımızın “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm” sözləri onlara açıq mətnlə mesaj idi.
Görüşdə Fransadan və ABŞ-dan olan həmsədrlərin çıxışına əsasən deyə bilərik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yarandığını etiraf edirlər. Artıq onlar da fəaliyyətlərini humanitar əsasda qurmağa çalışsalar, bu hər kəs üçün daha faydalı olar. Beləki, xalqlar arasında əlaqələrin yaranmasında, yeni kommunikasiya xətlərinin qurulması kimi humanitar və texniki proseslərdə iştirak etmələri məqsədə müvafiq olar.