Prezidentin Gürcüstana səfəri başlayıb-YENİLƏNİR

5
Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər edib.

APA-nın Gürcüstana ezam olunmuş müxbiri xəbər verir ki, işgüzar xarakter daşıyan səfərin məqsədi bu gün Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçiriləcək sammitdə iştirak etməkdir.

“2014 Tiflis sammiti” adlı beynəlxalq tədbir Gürcüstan parlamentinin Milli Kitabxanasında baş tutacaq.

Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək. Görüşü üç ölkə liderləri birlikdə açacaqlar.

Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndə heyətləri sammitdə cari və planlaşdırılmış gələcək layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşləri planlaşdırılır.

Xatırladaq ki, “2014 Tiflis sammiti” Georgi Margvelashvilinin Azərbaycan və Türkiyəyə səfərləri zamanı planlaşdırılıb.


Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə ulu öndər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olub.

Trend-in məlumatına görə, dövlət başçısı ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ulu öndər Heydər Əliyevin adını daşıyan parkın açılışı 2004-cü il iyun ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə baş tutub. Parkın mərkəzində Heydər Əliyevin abidəsi ucaldılıb. Parkda ilk ağacı İlham Əliyev əkib.

2007-ci ildə aparılmış təmir və yenidənqurma işlərindən sonra parkın ərazisi xüsusi zövqlə bəzədilib, çoxsaylı ağaclar və dekorativ bitkilər əkilib, oturacaqlar qoyulub. 2007-ci il may ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili, o cümlədən iki ölkənin hökumət və parlament üzvlərinin, Gürcüstanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidənqurmadan sonra rəsmi açılış mərasimi baş tutub.

Qeyd edək ki, ulu öndərin adını daşıyan parkın ümumi sahəsi 1 hektar təşkil edir. Layihənin memarı F.Axundov, heykəltəraşı isə Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.


Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

Trend xəbər verir ki, Mirzə Fətəli Axundov (1812-1878) 1834-cü ildə Tiflisə gəlmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Bina M.F.Axundovun öz vəsaiti hesabına inşa edilmişdir. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının Gürcüstan rəhbərliyinə müraciəti əsasında binada muzey təsis edilib və M.F.Axundovun ev muzeyi kimi fəaliyyət göstərib.

1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra M.F.Axundovun ev muzeyi təmir olunub, həmin vaxtdan M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərib.

2007-ci ildə Gürcüstan Prezidentinin sərəncamına əsasən, muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib.

2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. 2013-cü il may ayının 8-də keçirilmiş rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri, Baş nazirin birinci müavini, həmçinin nazirlər iştirak ediblər.

Hazırda muzeyin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları mövcuddur. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq, təmsil və təbliğ etməkdir.