Prezidentin Ismayıllı rayonu haqqında Sərəncamı

6

 

İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2013-cü il.