“Prezidentin son çıxışı bir daha ictimai şuraların aktiv fəaliyyətini gündəmə gətirir” – Deputat

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bu yalnız bir quruma deyil, bütövlükdə dövlət orqanlarına ictimaiyyətə açıq olmaq və öz fəaliyyətləri ilə əlaqədar daimi əhalini məlumatlandırmaq ilə bağlı tapşırıq idi:

“Dövlət qurumlarının ictimaiyyətə açıqlıq səviyyəsini göstərən meyarlardan biri də İctimai Şuraların fəaliyyətidir. Monitorinqlər göstərir ki, bu gün əksər dövlət qurumlarının yanında formalaşdırılan İctimai Şuralar tam aktiv deyil və həmin orqan ilə ictimaiyyət arasında körpü rolunu oynaya bilmir. Cənab Prezidentin son çıxışı bir daha belə şuraların aktiv fəaliyyətini gündəmə gətirir.

İctimai Şuralar fəaliyyət göstərdiyi qurumun işləri ilə bağlı mütəmadi məlumatlandırma həyata keçirməklə yanaşı, həmin orqanın fəaliyyətinin keyfiyyətinin artırılmasına da çalışmalıdır. Bunun üçün həmin şuraların öz fəaliyyətləri ilə bağlı dövrü hesabatlar verməsinə də ehtiyac var. Gələn aydan etibarən bir sıra dövlət qurumlarında şuralar yeniləcək. Ümid edirik ki, bu həm də keyfiyyət yeniləşməsi olacaq”.