Prezidentlərin görüşü

 

2

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi foto çəkdirdilər.

 

******

 

3

İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü

 

Qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Bu səfərin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirildi və münasibətlərimizin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olundu.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

*****

 

4

Azərbaycan və Türkiyə prezidentlərinin geniş tərkibdə görüşü olub

 

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Hörmətli cənab Prezident, əziz qardaşım!

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Fürsətdən istifadə edərək, prezident seçkilərində qazandığınız böyük qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm. Bu qələbə bir daha onu göstərdi ki, son illər ərzində gördüyünüz işlər türk xalqı tərəfindən yüksək qiymətləndirilir.

Biz çox şadıq ki, andiçmə mərasimindən bir neçə gün sonra Siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq əlaqələridir və bu əlaqələr ən yüksək pillədədir.

Bu gün təkbətək görüşümüzdə əlaqələrimizin müxtəlif istiqamətlərini müzakirə etdik. Həm ikitərəfli, həm beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Bir daha görürük ki, bizim birliyimiz gündən-günə güclənir. Bütün məsələlərlə bağlı bizim fikrimiz eynidir və bir amalımız var ki, biz Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələrini uğurla inkişaf etdirək. Əminəm ki, bu səfər bu istiqamətdə atılan önəmli addım olacaqdır.

Bir daha xoş gəlmisiniz!

X X X

Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN dedi:

– Çox dəyərli qardaşım, hörmətli heyət üzvləri!

Sizləri avqustun 10-da keçirilmiş seçkilərdən sonra etdiyim ilk rəsmi səfərimdə səmimi qəlbdən öz adımdan və heyətim adından salamlayıram.

Artıq Sizin də dediyiniz kimi, bu səfərlər qarşılıqlı olaraq ənənə halı alıb. Bunlar da bir-birimizə məhəbbətimizin nə qədər güclü olduğunu göstərir.

Bu gün təkbətək görüşümüzdə xüsusilə Türkiyə-Azərbaycan əlaqələrini geniş şəkildə dəyərləndirmək imkanımız oldu. Burada bütün sahələrlə bağlı müzakirələr apardıq, dəyərləndirdik və heyətlərimizdəki yoldaşlarımızla da bunları inkişaf etdirməyə hazırıq. Təbii ki, Türkiyə-Azərbaycan münasibətləri bundan sonra daha fərqli bir şəkildə inkişaf etməlidir. Hazırda xüsusilə regionumuzdakı sıxıntılar birgə həmrəylik yolu ilə həll edəcəyimiz problemlərdir. Bu problemlərin – Türkiyə-Ermənistan probleminin, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin həlli bir-biri ilə bağlı məsələdir. Əgər Ermənistan-Azərbaycan münaqişəsi həll olunarsa, Türkiyə ilə Ermənistan arasındakı problem də həllini tapacaq. Amma bu münaqişə həll edilmədiyi təqdirdə, Türkiyə ilə Ermənistan arasındakı vəziyyət indiki kimi davam edəcək. Bunu əvvəllər də həmişə ifadə etmişik. Bu, bir daha bilinsin deyə, yenə də söyləyirəm. Bu məsələlərdəki həmrəylimizi bundan sonrakı müddətdə də eyni qətiyyətlə davam etdirəcəyik. Bunun da xüsusilə bilinməsini istəyirəm. Mən də çox təşəkkür edirəm.

*****

 

6

İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər

 

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı

– Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

İlk növbədə, əziz qardaşım, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük önəm veririk. Çox şadıq ki, andiçmə mərasimindən bir həftə keçməmiş Siz Azərbaycana, doğma Vətənə səfər edirsiniz. Fürsətdən istifadə edərək, bir daha Sizi prezident seçkilərində qazandığınız böyük qələbə münasibətilə ürəkdən təbrik etmək və yeni uğurlar diləmək istəyirəm.

Bu gün biz ikitərəfli görüşümüzdə, eyni zamanda, heyətlərlə birgə görüşümüzdə ikitərəfli əlaqələrimizin bütün istiqamətlərini müzakirə etdik və bir daha əmin olduq ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Bizim əlaqələrimiz dostluq, qardaşlıq üzərində qurulubdur. Bu gün biz dostluğumuzun, qardaşlığımızın gözəl binasını bu möhkəm təməl üzərində inşa edirik.

Siyasi əlaqələr gündən-günə genişlənir. Biz beynəlxalq təşkilatlarda bir-birimizə daim dəstək veririk, xarici siyasətlə bağlı məsləhətləşmələr aparılır. Fürsətdən istifadə edərək, Türkiyə dövlətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində göstərdiyi səylərə görə və Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim üçün çox önəmlidir. Türkiyə bütün dövrlərdə bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparmışdır, daim Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olmuşdur. Bu məsələ bu gün də müzakirə edildi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhdiddir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri uzun illərdir ki, işğal altındadır, 20 faiz torpaqlarımız işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, BMT Təhlükəsizlik Şurası – dünyanın ən ali qurumu bu münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və münaqişə hələ ki, öz həllini tapmayıb. Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaq.

Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq qurumlarda daim Türkiyənin yanındadır. Bu gün, eyni zamanda, biz gələn il Ermənistanda qeyd ediləcək qondarma, sözdə “soyqırımı” ilə bağlı fikirlərimizi bölüşmüşük. Türkiyə ilə Azərbaycan həm xarici işlər nazirləri, həm səfirliklər səviyyəsində birgə fəaliyyət göstərir və göstərəcəklər. Diaspor təşkilatlarımız da, ictimai təşkilatlar da bu işlərdə birgə fəaliyyət göstərir və göstərəcəklər ki, biz dünyada qondarma “erməni soyqırımı”nın ifşası ilə bağlı öz işlərimizi əlaqələndirilmiş şəkildə aparaq. Ermənistan və dünya erməniliyi beynəlxalq ictimai rəyi çaşdırmaq, yalan üzərində tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. Bunların heç bir tarixi əsası yoxdur. Bu, yalandır, böhtandır, iftiradır. Biz birgə səylərlə və bizə yaxın olan ölkələrlə birlikdə erməni yalanını bundan sonra da birgə ifşa edəcəyik.

Təbii ki, bu gün əməkdaşlığımızın müxtəlif istiqamətləri müzakirə edildi. Eyni zamanda, müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlıq və onun perspektivləri müzakirə edildi. Burada da çox böyük potensial var. Hər zaman olduğu kimi, bizi birləşdirən enerji layihələri də müzakirə mövzusu oldu. İki il bundan əvvəl TANAP layihəsinə əziz qardaşımla imza atanda biz təxminən görürdük ki, bu, nəyə gətirib çıxaracaq. Bizim əsərimiz olan TANAP layihəsi bu gün dünyanın diqqətini cəlb edir. Artıq bizim qruplarımız, komandalarımız işə başlamışlar. Əminəm ki, bu tarixi layihə vaxtında icra ediləcəkdir. Ondan əvvəlki dövrlərdə də enerji məsələlərində biz daim bir yerdə idik. TANAP layihəsi əlbəttə ki, daha da geniş beynəlxalq əməkdaşlıq tələb edən layihədir. Çünki burada iştirak edən ölkələrin, şirkətlərin sayı daha da çoxdur. Əminəm ki, biz bu layihəni də birgə səylərlə, müştərək iradə ilə uğurla icra edəcəyik.

Bu gün, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Bu, bizim əlaqələrimizdə bir növ yenilikdir. Çünki məhz son illərdə həm Türkiyədən, həm Azərbaycandan qarşılıqlı qaydada investisiyalar böyük həcmdə qoyulur. Yaxın 5-6 ildə Türkiyəyə daha da böyük həcmdə Azərbaycan investisiyaları qoyulacaqdır, təxminən 17-20 milyard dollar arasındadır. Mən çox şadam ki, Türkiyə tərəfi bizim enerji layihələrimizdə öz payını artırır. “Şahdəniz”də öz payını artırıbdır, TANAP layihəsində böyük paya sahib olubdur. Bu da Azərbaycana yatırılan Türkiyə investisiyalarıdır. Eyni zamanda, bu layihələrin icrası ilə bağlı yeni gözəl imkanlar yaranır. Çünki bu böyük enerji layihələrinin əsas iştirakçıları Türkiyə və Azərbaycandır. Bu, belə də olmalıdır. Bu gün bizim birliyimiz artıq dünya çapında bir amildir və Türkiyə nə qədər güclü olsa, biz də o qədər özümüzü güclü hiss edəcəyik. Türkiyənin uğurları bizi çox sevindirir. Mən əminəm ki, bizim qardaşlıq əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.

Əziz qardaşım, Sizi bir daha ürəkdən salamlayıram və bütün türk xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram. Sağ olun.

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

– Bəli, mən də çox təşəkkür edirəm. Avqustun 28-də inauqurasiya mərasimindən dərhal sonra, növbəti həftədə Azərbaycana etdiyim bu səfər çərçivəsində hörmətli qardaşım İlham Əliyev ilə istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərimizdə iqtisadi, ticari, mədəniyyət, təhsil və xarici siyasətlə əlaqədar məsələləri geniş şəkildə dəyərləndirmə imkanımız oldu. Təbii ki, xarici siyasətdə qardaşlığımızın zirvəsi olan ən mühüm məsələ Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələni yenə də hər zaman olduğu kimi, gündəliyimizin ən mühüm maddəsi olaraq müzakirə etdik, dəyərləndirdik. Bu məsələ ilə bağlı bundan sonra atacağımız addımları yenə aramızda eyni şəkildə həm təkbətək, həm geniş tərkibdə keçirilən görüşlərdə müzakirə etdik.

Təbii ki, müzakirə etdiyimiz digər mühüm həssas məsələ enerji məsələsidir. Əlbəttə ki, enerji sahəsi ilə əlaqədar olaraq TANAP çox böyük əhəmiyyət kəsb edir. Türkiyədən Avropaya gedəcək bu enerji xətti xüsusilə çox böyük əhəmiyyətə malikdir. Bu, Azərbaycanın enerji sektorunda gücünü ortaya qoyması baxımından xüsusilə çox mühümdür. Bunu bir sülh xətti olması baxımından çox mühüm bir sərmayə olaraq görürəm. Bunun üçün də bu həmrəyliyimizin artıq son mərhələsinə gəldik. İnşallah, bu ayın 20-də təməlqoyma mərasimi keçiriləcəkdir. Yüksək səviyyəli rəsmilərin də iştirak edəcəyi təməlqoyma mərasimi ilə birlikdə bu addım atılacaqdır. İnşallah, qurğular da işə başlayacaq. Türkiyədə və Azərbaycanda görülməli işlərin böyük hissəsi tamamlanıb. Bununla bərabər, artıq proses sürətlənərək, inşallah, davam edəcək. Təbii ki, bu həmrəyliyimizin ardından müvafiq sektorlarda – həm inşaat, həm boru sənayesi sahələrində canlanma meydana gələcək.

Azərbaycanın xüsusilə son illərdəki dinamik inkişafı, Azərbaycandakı infrastrukturun inkişafı həqiqətən dünyanın da heyranlıqla izlədiyi bir prosesdir. Burada hörmətli qardaşımın və komandasının iradəsinin həqiqətən çox böyük rolu var. Mən də istər on bir illik Baş nazirliyim müddətində, istərsə də bundan sonra, həmin gündən bu günə Azərbaycanın haradan haraya gəldiyini görməkdən məmnunam. Çünki qardaş Azərbaycandakı bu inkişaf bizi də xüsusilə məmnun edir. Əminəm ki, qardaşların güc qazanması gələcəyə nikbin baxmağımıza da inamı artırır. Ticarət sahəsində atacağımız addımlarda da müəyyən etdiyimiz hədəflərimiz var. İnşallah, bu hədəflərə də çatacağıq. 15 milyard dollarlıq bir hədəfimiz var və inşallah, bu hədəfə də çatacağıq. Hər iki tərəfdə bu iradənin olduğunu görürük, bilirik. Bu məsələdə heç bir tərəddüdümüz yoxdur.

Təbii ki, indi buradan NATO zirvəsinə gedəcəyik. NATO zirvəsində də, xüsusilə bu zirvə ilə bağlı keçmişdən bu günədək keçirilən bütün tədbirlərdə Azərbaycana verilmiş sözlər vardır. Bu sözləri təbii ki, orada da diqqətə çatdıracağıq. Bir qədər əvvəl digər ölkələrə verilən sözlər necə yerinə yetirilirsə, Azərbaycana verilən sözlərin də yerinə yetirilməsini orada da əlaqədar ölkələrdən istəyəcəyik. Bu, artıq bir ianə və bir lütf deyil, bir haqdır. Bunların yerinə yetirilməsi lazımdır. Bu məsələdə də qətiyyətimizi xüsusilə ifadə edəcəyik.

Azərbaycan ilə əməkdaşlıq edəcəyimiz bir çox sahələr vardır. Təbii ki, bu sahələrin sayı çoxdur. Bu məsələləri təkbətək və geniş tərkibdə görüşlərimizdə müzakirə etdik. Arzu edirəm ki, bu qardaşlığımız güclənərək həmrəylik içərisində gələcəyə doğru irəliləsin. Biz bunu bilirik- bir millət, iki dövlət. Bu, təbii ki, Ulu Öndərimizin bu günə bir mirasıdır. Bunun da eyni şəkildə davam etməsi lazımdır. Qoy bu birliyimiz bundan sonra da eyni qətiyyətlə davam etsin. Təşəkkür edirəm.

******

 

7

İlham Əliyev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

 

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Hörmətli cənab Prezident, əziz qardaşım,

Bu gün çox əlamətdar bir gündür. Qardaş ölkənin Prezidenti, əziz qardaşım Azərbaycana rəsmi səfərə gəlmişdir. Bu səfərin tədbirlərində iştirak edən dostlar bu gün bizimlə bərabərdirlər. Artıq təkbətək, geniş tərkibdə görüşlərimizdə geniş fikir mübadiləsi aparılmışdır. Mətbuata bəyanatda da biz gördüyümüz, eyni zamanda, gələcəkdə görüləcək işlərlə bağlı öz sözlərimizi demişik.

Yekun olaraq bir daha demək istəyirəm ki, səfərin çox gözəl nəticələri vardır. Səfər çox uğurlu keçmişdir. Əminəm ki, bu rəsmi səfərin Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafına çox böyük dəstəyi olacaq, onlara böyük təkan verəcəkdir.

İndi isə biz çox xoş bir mərasimdə toplaşmışıq. Mənim əziz qardaşım Rəcəb Tayyib Ərdoğan 11 ildir ki, Türkiyəni inamla idarə edir. Biz Azərbaycanda Türkiyəni çox sevirik. Azərbaycanda elə bir insan tapılmaz ki, Türkiyəni öz doğma vətəni kimi sevməsin. Ona görə biz Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik.

Son 11 il ərzində Türkiyə çox böyük və şərəfi yol keçmişdir. Bunun da bir səbəbi, daha doğrusu, bir səbəbkarı var – mənim əziz qardaşım. Biz hamımız yaxşı bilirik ki, əziz qardaşım hakimiyyətə gələnə qədər Türkiyənin vəziyyəti o qədər də ürəkaçan deyildi. İqtisadi, siyasi böhran yaşanırdı, Türkiyə böyük borc içində idi, beynəlxalq maliyyə qurumları müəyyən dərəcədə öz iradəsini ortaya qoyurdular, diktə edirdilər. Rəcəb Tayyib Ərdoğanın sayəsində, onun fəaliyyəti nəticəsində iqtisadiyyatda bütün xoşagəlməz hallara son qoyulmuşdur və Türkiyə inamla inkişaf etməyə başlamışdır. Bu gün iqtisadi inkişaf baxımından Türkiyə ön sıralardadır. Bir neçə il bundan əvvəl dünyanı, Avropanı böhran bürümüşdü – iqtisadi, maliyyə böhranı. Bu böhran Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyə hökuməti xalq tərəfindən dəstəklənən düşünülmüş iqtisadi siyasət aparmışdır. Türkiyə bu illərdə “Böyük 20-lər”in üzvünə çevrilmişdir. Bu, tarixi nailiyyətdir. Türkiyə dünyanın aparıcı ölkələrini birləşdirən klubda ön sıralardadır. Bu da, göydəndüşmə deyil. Bu, gündəlik fəal işlərin nəticəsidir. Bu gün Türkiyənin xarici siyasətlə bağlı uğurları göz qabağındadır. Türkiyə indi nəinki bölgədə, eyni zamanda, dünyada gedən proseslərə öz təsirini göstərir, dünya miqyasında bir gücə çevrilmişdir. Əlbəttə ki, bütün bu işlərin görülməsində birinci rolu mənim əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan və onun yardımçıları, komanda üzvləri oynamışlar.

Bu illərdə – 11 il ərzində biz bərabər çalışmışıq. Çalışmışıq ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı daha da möhkəmlənsin. Halbuki bu dostluq, qardaşlıq o qədər möhkəmdir ki, bunu daha da möhkəmləndirmək o qədər də asan məsələ deyil. Ancaq biz çalışmışıq ki, tarixdən, əcdadlarımızdan gələn sifariş, bizə verilən vəsiyyət əsasında ölkələrimizin arasındakı birliyi daha da möhkəmləndirək.

Son illərdə enerji, sərmayə, nəqliyyat layihələri və digər layihələr nəinki bizi bir-birimizə daha da sıx bağladı, eyni zamanda, bölgəyə çox müsbət təsir göstərdi. Çünki bizim bütün təşəbbüslərimiz – istər siyasi, istərsə də iqtisadi, enerji, nəqliyyat sahələrində təşəbbüslərimiz bölgəyə fayda gətirir. Bizimlə əməkdaşlıq edən ölkələr də bundan fayda götürür. Bizim siyasətimiz xoşniyyətlidir. Biz öz maraqlarımızı və əgər belə demək mümkündürsə, təsir dairəmizi əməkdaşlıq üzərində qururuq. Yəni, biz həmişə hazırıq ki, başqa ölkələrə kömək edək, öz yardım əlimizi uzadaq. Yəni, bu xoş niyyət bizi fərqləndirir. Son illər ərzində Türkiyə-Azərbaycan birliyi dünya miqyasında, ən azı regionda həlledici amilə çevrilmişdir. Əminəm ki, biz bundan sonra da Türkiyə və Azərbaycan xalqlarının iradəsi ilə hələ çox işlər görəcəyik. Dediyim bütün bu məsələlər son prezident seçkilərində türk xalqı tərəfindən bir daha qeyd edildi. Əziz qardaşıma verilən səslər görülən işlərə verilən səslərdir. Xalq hər şeyi görür. Bizdə atalar sözü var: “Xalqın gözü tərəzidir”. Xalq hər şeyə düzgün qiymət verir. Türk xalqı düzgün qiymət vermişdir. Azərbaycan xalqı da düzgün qiymət vermişdir.

Bu gün bu tarixi səfərdə mən əziz qardaşımı Azərbaycan dövləti adından Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etmişəm. Əziz qardaşım, istəyirəm indi bu yüksək mükafatı Sizə təqdim edim.

X X X

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Heydər Əliyev” ordeni ilə təltif edilmədi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı oxundu.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyev” ordenini Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etdi.

X X X

Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN dedi:

– Hörmətli qardaşım, ata yadigarı deyəcəm. Çünki Baş nazirliyim dövründə Heydər ata ilə bizim çox mənalı bir görüşümüz olmuşdu. İlham qardaşımla da o zaman tanış olmuşduq.

Təbii ki, münasibətimiz o gündən başlayıb və bu günə gəlib çıxmışıq. Çox şükürlər olsun, bir tərəfdən Azərbaycan, digər tərəfdən Türkiyə inkişaf etdi və bu günləri gördük. Bu günləri görməyi bizə lütf edənə şükürlər olsun. Təbii ki, bu baxımdan xalqlarımızın da rifahı güclü şəkildə yaxşılaşır. Bu gün adambaşına milli gəlirin səkkiz min dollara çatdığı Azərbaycan var. Haralarda idi, indi haraya gəldi. Türkiyədə isə bu göstərici 11 min dollara çatmaqdadır. Belə bir Türkiyə var. Təbii ki, biz bu uğurlarla fəxr edirik. Amma bunlar bizim üçün kifayət deyil. Bunu, inşallah, daha da irəli aparacağıq. Artıq biz də 20, 25, 30 min dollara çatacağıq. Bu iradə Azərbaycanda da, Türkiyədə də var. Əl-ələ verəcəyik, həmrəy olacağıq.

Mən bu gün “Heydər Əliyev” ordeni ilə təltif edilməkdən keçirdiyim iftixar, xoşbəxtlik hisslərini ifadə edə biləcək söz tapmaqda həqiqətən çətinlik çəkirəm. Ulu Öndəri rəhmətlə anıram. Bunu bizə layiq görən İlham Əliyev qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan xalqına çox-çox təşəkkür edirəm. Birliyini, bərabərliyini Rəbbim daimi etsin, – deyirəm.