“Pulumu vermirlər” – Filarmoniyadan şikayət etdi

Dövlət Rəqs Ansamblının üzvü, milli rəqslər üzrə rəqqasə Asiman Mərdanova işçisi olduğu Azərbaycan Dövlət Akademik Filarmoniyasından şikayətçidir.

XALQ.AZ xəbər verir ki, bu barədə Sabah.az-a danışan sənətçi bildirib ki, onun məvacibi mühasibatlıq tərəfindən ödənilmir:

“15 noyabr 2019-cu ildən analıq məzuniyyətinə çıxmışam. Sənədləri isə tam qaydasında Filarmoniyanın mühasibatlığına təqdim etmişəm. 2017-ci ildən burada çalışıram. Dedilər ki, məzuniyyət pulu veriləcək. Artıq üç aydır pul köçürülməyib. Hər dəfə müxtəlif bəhanələr gətirirlər. Doğumdan iki gün öncə Filarmoniyaya getdim. Hamı bir-birinin üstünə atır: Mühasibat baş mühasibatın, onlar da Vergilər və Sosial Müdafiə Nazirliyinin…”.

25 yanvarda ana olan A.Mərdanova bildirib ki, ona 2 min manatdan artıq ödəniş olunmalıdır:

“Mənə deyiblər ki, rekvizitləri göndərmişik, pul hesabınıza köçəcək. Sonra dedilər ki Vergilər Sosial Müdafiə Nazirliyi ödəməkdən imtina edib. Onlar deyir ki, 2018-ci ilin dördüncü rübü bizdə sistemdə yoxdur, ona görə analıq məzuniyyətinin ödənişini verə bilmirik. Sistemdə olmaq üçün isə vergi ödənməlidi. Deyirlər ki, qaynar xəttlərlə əlaqə saxlayırıq, ancaq bir nəticə yoxdur. Özüm də əlaqə saxladım, nazirlikdən dedilər ki, sizə imtina veriblər. Səbəbini isə Filarmoniya bilir. Neçə aydır get-gəldəyik, amma nəticə yoxdur”.