Qənirə Paşayeva vacib təkliflərlə çıxış edib

XALQ.AZ xəbər verir ki, Millət vəkili Q.Paşayeva MM-in komitələrinin 2019-cu il dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələrində vacib təkliflərlə çıxış edib.

Paşayeva Milli Məclisin əmək və sosial siyasət, elm və təhsil, səhiyyə, ailə, qadın və uşaq məsələləri və mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında 2019-cu il dövlət büdcəsi haqqında layihəni dəstəklədiyini bildirib və bu büdcə layihəsinin ölkəmizin inkişafına və insanlarımızın həyat şəraitinin yaxşılaşmasına öz müsbət töhfələrini verəcəyinə inandığını deyib. Millət vəkili Q.Paşayeva Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin cənab Prezident İ.Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti M.Əliyevanın dəstəyilə həyata keçirməyə başladığı bir sıra layihələr, proqramlar və islahatların, fəalyyətə başlayacaq “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” – DOST xidmətinin yaradılmasının özəlliklə əhalinin aztəminatlı təbəqəsinin, əlillərin, işsizlərin həyatında daha da müsbət dəyişiklərə təkan olacağına deyib: “Təbii ki biz bu istiqamətdə görülən bütün işləri dəstəkləyirik və insanlarımızın, bizə müraciət edən seçicilərin bu istiqamətdə qaldırdığı bəzi məsələlərin də büdcə layihəsində nəzərə alınmasını hökumətdən, müvafiq qurumlardan xahiş edirik.” Millət vəkili Q.Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə danışaraq hökuməti 1-ci qrup əlillərə verilən müavinətlərin və təqaüdün artırılmasına çağırıb: “Məlum olduğu kimi, 1-ci qrup uşaqlıqdan əlillərə, eləcə də 1-ci qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği aşağıdır və əlillərin aldığı vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Ona görə də yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə qaldırılsın. 1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur. Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var. 1-ci qrup əlillərin vəziyyəti doğurdan da çətindir və hökumətdən xahiş edirik ki, onların müavinətlərinin artırılması məsələsinə baxsınlar və həllinə kömək etsinlər”. Millət vəkili Q.Paşayeva fiziki imkanları məhdud on cəkkiz yaşına çatmayan əlil uşaqların aldığı müavinətin də aşağı olması barədə danışıb və onun qaldırılmasının vacibliyini vurğulayıb. “Bu uşaqların ehtiyaclarını, sağlamlığı, təhsili, təlimi və s. istiqamətlərı də nəzərə alsaq ailələrin üzərinə düşən çətinlikləri görə bilərik. Onların gündəlik ehtiyacları ilə yanaşı, dərmanlarının alınması, müalicəsi və s. kimi ehtiyacları böyükdür və aldıqları müavinət onları qarşılamaq üçün çox azdır. Ailələrin bu məsələ ilə üzləşdiyi çətinlikləri nəzərə alaraq bu müavinətlərin artırılmasına böyük ehtiyac var. ” Q. Paşayeva fiziki imkanları məhdud şəxslərin, əlillərin təhsil sahəsində üzləşdiyi bəzi problemləri səsləndirərək müəyyən təkliflərlə çıxış edib və müvafiq qurumları bu məsələlərə daha çox diqqət ayırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib: “Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onların çoxu üçün çox çətindir bu vəsaiti ödəmək. Ona görə də universitetlərdə onların təhsil haqlarından azad edilməsi məsələsinə baxılması çox vacibdir. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı.” Millət vəkili Q.Paşayeva eyni zamanda son zamanlar Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məşğulluq proqramı çərçivəsində gördüyü müsbət dəyişiklikləri dəstəklədiyini bildirib və “inanırıq ki, məşğulluq proqramının həyata keçirlməsi zamanı şəhid ailələrinə, Qarabağ əlillərinə və qazilərinə, ön cəbhədə xidmət edənlərə öncüllüyün verilməsi daima diqqətdə olacaq çünki bu çox önəmli bir məsələdiir”, deyib. Millət vəkili Q.Paşayeva insanlarımızın, seçicilərin təhsil sahəsində qaldırdığı bir sıra məsələlərə də toxunub. “Təhsil kreditləri məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır”, deyən millət vəkili bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Millət vəkili Q.Paşayeva deyib ki, özəlliklə bu problem kənd rayonlarında çox ciddidir,ona gförə də təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə ciddi genişlənməlidir. Millət vəkili Q.Paşayeva bildirib ki, bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və ipoteka kreditləri,o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir və inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var: “Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin və sosial layihələrdən yararlana bilsin. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də hökimətimizdən qısa zamanda bu məsələyə baxmasını və müsbət həll olunmasını xahiş edir və buna çağırırıq”. Millət vəkili Q.Paşayeva Tovuzda bir sıra kənd məktəblərinin ağır vəziyyətdə olduğunu diqqətə çatdırıb və həmin məktəblərin əsaslı təmiri və ya yenisinin tikilməsinə dəstək göstərilməsini xahiş edib. Millət vəkili Qənirə Paşayeva “2019-cu il büdcəsində icbari tibbi sığortanın tətbiqinə ayrılan vəsaitin artırılmasından məmnuniyyət duyuruq, çünki bütün ölkə ərazisində tezliklə tibbi sığortanın tətbiqinin həyata keçirilməyə başlanması ən vacib məsələlərdən biridir” deyib. Millət vəkili Qənirə Paşayeva anadangəlmə eşitmə qüsurlu uşaqların koxlyar implant əməliyyatının dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə çıxış edib: “Hər il ölkəmizdə dünyaya gələn uşaqlar arasında onlarla eşitmə qabiliyyəti qüsurlu balalarımız var və biz bu cür ailələrə dəstək göstərməklə hər il onlarla gəncimizin həyatını və gələcəyini xilas etmiş olarıq” deyib. Millət vəkili Q.Paşayeva autizmli xəstələrin problemlərini də qaldırıb və bu sahədə həmin uşaqlara, auilələrə dəstək göstərilməsi üçün proqramlara və büdcədən vəsait ayrılmasına ehtiyac olduğunu deyib. Millət vəkili Q.Paşayeva MM-in Səhiyyə komitəsinin sədri Ə.Əmiraslanovun onkoloji xəstələrlə bağlı səsləndirdiyi fikirlərini dəstəklədiyini bildirirək, onkoloji xəstələrin sayının getdikcə artdığını və getdikcə gəncləşdiyini deyib və bu xəstəlikdən əziyyət çəkən insanlarımızın müalicəsinə dəstək üçün şiş əleyhinə dərman vasitələrinin alınmasına büdcədən ayrılan vəsatin artırılmasının vacibliyini vurğulayıb. Tariximizi və mədəniyyətimizi qorumaq, ona sahib çıxmaq və gənc nəsillərimizə çatdırmaq vacibdir deyən millət vəkili Q.Paşayeva Tovuz rayonunda tarixi-mədəni abidələrin bərpası və təmiri işlərinə böyük ehtiyac olmasını xüsusi vurğulayaraq bu istiqamətdə işlərin qısa zamanda görülməsini aidiyyəti qurumlardan xahiş edib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.