Qəbələdə zəlzələ oldu

Zelzele

Azərbaycanın Qəbələ rayonunda zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olan məlumata görə, zəlzələ bu səhər yerli vaxtla saat 06.38.07-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb.

10 km dərinlikdə baş verən yeraltı təkanlar episentrda 6 bal, ətraf rayonlarda 5.4 bal gücündə olduğu bildirilir.

ANS PRESS-in şimal bürosundan verilən məlumata görə, zəlzələ Qusar və İsmayıllı rayonlarında da hiss olunub və yeraltı təkanlar bir neçə saniyə davam edib.

Quba rayon icra başçısının müavini Afət Həsənovanın ANS PRESS-in yerli bürosuna verdiyi məlumata görə, zəlzələ rayonun kəndlərində də hiss olunub.

Xatırladaq ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya – mineralogiya elmləri doktoru Qurban Yetirmişli sentyabrın 1-də ANS PRESS-ə verdiyi açıqlamada qeyd edib ki, ölkə ərazisində hər hansı bir güclü zəlzələnin baş verməsi gözlənilmir:

“Katostrofik güclü zəlzələ amilləri hələ ki, yoxdur. İnsanlar narahat olmasınlar”.