Qəbul olunan qanun müasir dövrün çağırış və inkişaf tendensiyasıdır

 

 

“Peşə təhsili haqqında” qanun layihəsi parlamentdə ikinci oxunuşun müzakirəsinə çıxarılıb.

XALQ.AZ məlumat verir ki, müzakirələr zamanı çıxış edən millət vəkili Elşad Həsənov bildirib ki, “Peşə təhsili haqqında” qanun layihəsini təkmilləşdirilmiş və son yenilikləri nəzərə alan bir sənəd adlandırmaq olar. Bu qanunun Azərbaycan peşə təhsilinin inkişafına yeni töhfə verəcəyinə əminəm. Xüsusən iqtisadiyyatımızın diversifikasiyası və elmi potensialımızın stimullaşdırılmasının tələb olunduğu bir məqamda bu sənəd xüsusi əhəmiyyət kəsb edir.

“Peşə təhsili haqqında” qanun layihəsi bütövlükdə Azərbaycanda peşə hazırlığının səmərəliyinin artırılmasına və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını nəzərdə tutur. İndi qarşımızda dayanan əsas məsələlərdən biri də müxtəlif və yeni peşə sahiblərinin

əmək bazarına daxil olmasına münbit zəmin yaratmaqdır.Dünyada neft qiymətlərinin qeyri-sabitliyi və alternativ enerji mənbələrinin aşkar edilməsi ilə əlaqədar biz artıq postneft dövrünə qədəm qoymuşuq. Bu baxımdan cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq iqtisadiyyatımızın enerji sektorundan asılılığı azaldılır. Belə bir şəraitdə ölkəmizin yaradıcı potensialı qabarıq şəkildə ön plana çıxır. Yeni və daha ixtisaslı peşə sahiblərinə ehtiyac duyulur.

Qanun layihəsi təhsil vasitəsilə ölkənin inkişafı və rifahını yüksəltmək məqsədilə müxtəlif növ peşə hazırlığını nəzərdə tutur. Sənəddə peşə təhsilinin quruluşu, pillələri və müddəti qeyd olunur.Layihənin daha bir məqsədi peşə təhsilinin maliyyələşdirilməsini təmin etməkdir. Müasir dünyada peşə təhsili iqtisadiyyatdan kənarda dayanmır və elmi nailiyyətlərin tətbiqi ilə gəlir

gətirən sahəyə çevrilir. Layihədə peşə təhsili sahəsində dövlətin əsas prinsipləri, bu sahədə dövlətin vəzifələri, həmçinin dövlət standartları təsbit olunub.Sənəddə qeyd olunur ki, peşə təhsilinin məqsədi xalqına sadiq olan yaradıcı düşünən vətəndaş yetişdirməkdir. Düşünürəm ki, yaradıcı tərzdə düşünə bilən vətəndaşın yetişdirilməsi bizim cəmiyyəti yalnız irəliyə aparacaq. Belə ki, cəmiyyətimizə öz peşəsinin ustası olan böyük mütəxəssislər tələb olunur. Əminəm ki, müzakirə etdiyimiz bu qanun layihəsi bütün bunlara əsaslı töhfə verəcək deyə millət vəkili Elşad Həsənov qeyd edib.

Bu qanun layihəsi peşə təhsilinin maliyyələşməsi, işçilərin sosial müdafiəsi, gənclərin peşə təhsilinə meyl etməsi istiqamətində əhəmiyyətli rol oynayacaq.

Bu gün ikinci oxunuşda müzakirə etdiyimiz bu qanun layihəsi peşə təhsili sahəsində innovasiya və sahibkarlıq fəaliyyətini də nəzərdə tutur. Layihədə bildirilir ki, sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün peşə təhsili müəssisəsinin nəzdində müvafiq istehsalat və xidmət sahələri yaradıla bilər. Düşünürəm ki, bu məqam kifayət qədər mühüm amildir və ölkəmizdə peşə yeniliyinə və innovasiyalara yeni stimul verəcək. “Peşə təhsili haqqında” qanun layihəsi müasir dövrün çağırış və inkişaf tendensiyalarını nəzərə alır deyə millət vəkili Elşad Həsənov qeyd edib.