“Qəhrəmanlıq Səlnaməsi” layihəsi çərçivəsində tədbir keçirilib

 

7

 

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində “Qəhrəmanlıq Səlnaməsi” layihəsi çərçivəsində tədbir keçirilib.

YAP Gənclər Birliyindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov layihə barədə məlumat verərək bildirib ki, layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verən qəhrəmanlarımızın yeni nəsil gənclərə tanıdılmasıdır.

Layihə rəhbəri Vüsalə Hüseynova isə çıxışında qeyd edib ki, layihənin əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsidir.

Layihənin hər bir vətəndaş üçün dəyərli və müqəddəs mövzuya həsr olunduğunu deyən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, layihə Azərbaycanda milli mənəvi dəyərlərin qorunması, tariximizdə qəhrəmanların rolu barədə ictimaiyyətə dolğun məlumatın verilməsi baxımından çox əhəmiyyətlidir: “Yeni Azərbaycan Partiyası Gənclər Birliyi milli mənəvi dəyərlərin qorunması il bağlı silsilə layihələr reallaşdırıb. Hesab edirəm ki, bu layihədə toxunulan mövzu hər bir gənc üçün çox əhəmiyyətlidir. Azərbaycanın Milli qəhrəmanları ölkəmizin milli salnaməsini  yaradan vətəndaşlarıdır. Onlar hər bir Azərbaycan vətəndaşı üçün fəxrdir. Hesab edirəm ki, hər birimiz onların həyatını dərindən öyrənməliyik. Milli Qəhrəman Mübariz İbrahimovun düşmənlə təmas xəttini keçərək çoxsaylı düşmən əsgərlərini qətlə yetirərək şəhid olması sübut edir ki, Azərbaycan gəncləri milli-vətənpərvərlik ruhunda böyüyür”.

Daha sonra layihənin yekunlarına həsr olunan video-çarxın təqdimatı olub.

 

8 9