Qənirə Paşayeva Baş nazirə müraciət etdi

Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş görkəmli sənətkar Anatollu Qəniyevin (10.02.1931, Neftçala – 01.10.1985, Bakı) adının əbədiləşdirilməsi ilə bağlı bir qrup ziyalı və mərhumun oğlu, Xalq artisti Heydər Anatollu Milli Məclisin Mədəniyyət komitəsinə müraciət edib.

Müraciətdə Neftçala şəhər Uşaq İncəsənət Məktəbinə onun adının verilməsi təklifi öz əksini tapıb.

Bununla əlqədar olaraq, Mədəniyyət Komitəsi adından Baş nazir Əli Əsədova və Mədəniyyət nazirinin I müavini, Mədəniyyət naziri səlahiyyətlərinin icraçısı Anar Kərimova rəsmi məktubla müraciət edilib.

Bu barədə XALQ.AZ-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

“Bəstəkar mahnılarının mahir ifaçısı, estrada janrında özünəməxsus dəsti-xətti olan Anatolu Qəniyevin adının əbədiləşdirilməsinin, onun sənət yolunun davam və inkişaf etdirilməsi, gənc nəslin mədəni irsə sahiblənməsi baxımından çox faydalı olacağına inanımızı ifadə etdik. Bu ilin oktyabr ayında Anatolu Qəniyevin vəfatının 35-ci, gələn ilin fevralında isə doğumunun 90-cı ildönümü olacağını, habelə musiqi mədəniyyətimizin inkişafındakı özünəməxsus xidmətlərini nəzərə alsaq, adının əbədiləşdirilməsinin sənətə, sənətkara vəfa borcu kimi xüsusi önəm daşıyacağını bildirdik. İnanıram ki, rayon ziyalılarının və Mədəniyyət komitəsi olaraq bizim müraciətimizi nəzərə alaraq müvafiq qurumlarımız yaxın zamanlarda bu məsələyə baxacaq və Neftçala şəhər Uşaq İncəsənət Məktəbinə Anatollu Qəniyevin adı veriləcək. Bu” gələn ilin fevral ayında anadan olmasının 90-cı il dönümündə dəyərli sənətkarımızın ruhunu şad edəcək ən gözəl addım olardı”.

XALQ.AZ