Qənirə Paşayeva: “İqtisadi zərərlərinin minimallaşdırılması üçün də ölkəmizdə ciddi işlər görülür”

Prezident İlham Əliyevin əfv sərəncamı imzalaması və 65 yaşdan yuxarı olan şəxsləri cəzasının qalan hissəsindən azad edərək, bu çətin günlərdə evə buraxması olduqca müsbət addımdır.

XALQ.AZ məluamt verir ki, bu sözləri axar.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyevin ötən gün əfv sərəncamı imzalaması və 176 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad etməsini şərh edərkən deyib.

Q.Paşayeva bildirib ki, Azərbaycan dövləti son bir ayda öz vətəndaşlarına qarşı necə həssaslıqla yanaşdığını daha qabarıq nümayiş etdirib:

“Bir neçə gün əvvəl koronavirus təhlükəsinə görə cəzaçəkmə müəssisələrində olan yüzlərlə həssas insan müvəqqəti olaraq evə buraxıldı. Bunun ardınca isə Prezident İlham Əliyev böyük humanist addım ataraq, yaşı 65-dən yuxarı olan, yəni risk altındakı insanları əfv etdi. Bu artıq müvəqqəti azadlıq deyil, birbaşa azadlığa buraxmaqdır və bu cür möhtəşəm humanistliyi yalnız bizim Prezidentimiz edə bilərdi. Nəzərə alın ki, əfv edilənlər arasında 2 ömürlük məhkum da var. Bu o deməkdir ki, hətta ömürlük məhkumların taleyi belə ölkə rəhbərinin diqqətindədir və onları da məhz bu dönəmdə himayədən kənarda qoymur”.

Q.Paşayeva qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ötən gün tibbi maska istehsal edən müəssisənin açılışında birbaşa iştirak etmələri də, həmin mərasimdə Prezidentin xalqa növbəti müraciəti də dövlətimizin rəhbərliyinin xalqı qorumaq üçün hansı fədakarlıqlara getdiyini göstərir:

“Cəmi 2 həftəyə bu cür müəssisənin istifadəyə verilməsi ölkəmizin hazırkı situasiyaya necə çevik reaksiya verməsinin nümunəsidir. İnsanların qorunması üçün lazım olan bütün tibbi-gigiyenik vasitələrin daxili imkanlar hesabına təmin edilməsi birbaşa Prezidentin tapşırığı və ayırdığı yardımlarla icra edilir. Onu da nəzərə alın ki, hələ fevral ayında Azərbaycan xaricdən süni tənəffüs aparatları alıb hazırlığını görmüşdü. Hazırda dünyada ən çox ehtiyac olan da bu aparatlardır. Fevralda hələ bu aparatlara nə qədər böyük ehtiyac olacağını təsəvvür etmək mümkün deyildi. Ancaq birbaşa cənab Prezidentimizin göstərişi ilə bu aparatlar dərhal alınaraq, ölkəmizə gətirildi və hazırda koronavirus xəstələrinin müalicəsinin uğurlu getməsinin səbəbinə çevrilib. Bu fakt Prezidentimizin uzaqgörənliyi, dünyada baş verən proseslərin istiqamətini əvvəlcədən hiss etməsi və xalqın qorunması üçün strateji siyasət yeritməsinin göstəricisidir”.

Millət vəkilinin sözlərinə görə, koronavirusun iqtisadi zərərlərinin minimallaşdırılması üçün də ölkəmizdə ciddi işlər görülür:

“300 min muzdlu işçiyə, bir o qədər işsizə maddi dəstək, sahibkarlara edilən güzəştlərin həcmini təsəvvür etmək üçün yalnız onu yada salmaq kifayətdir ki, Azərbaycan bu istiqamətə ÜDM-nin 3 faizi həcmində vəsait cəlb edib. Müqayisə üçün onu xatırladım ki, Rusiya bu istiqamətə ÜDM-nin 0,3 faizi qədər dəstək ayırıb. Yəni neftin ucuzlaşmasına və bir çox istehsal sahələrinin qapanmasına baxmayaraq, Azərbaycan dövləti manatın sabitliyini qoruyur, həmçinin ÜDM baxımından bu istiqamətə ən çox vəsait ayıran ölkələr sırasında öncüllərdəndir”.

Q.Paşayeva sonda əlavə edib ki, dövlətin gördüyü bu qədər böyük işlərin qarşılığında vətəndaşların edə biləcəyi yalnız özlərini qorumaqdır:

“Prezident də öz çağırışında bir daha bildirdi ki, işlərin bundan sonra uğurlu getməsi və uğurla yekunlaşması üçün vətəndaşlarımız özlərini qorumalıdır. Biz evdə qalmaqla, özümüzü, yaxınlarımızı qorumaqla bu işdə dövlətimizə yardım edə bilərik”.