Qənirə Paşayeva Milli Məclisdə təkliflərlə çıxış etdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin payız sessiyasındakı ilk iclasında çıxış edərək, bir sıra vacib mövzulara toxunub

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin bu gün keçirilən iclasında 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı çıxış edərək, bir sıra vacib mövzulara toxunub. Öncə, Vətən Müharibəsinin başlanmasının birinci ildönümü və Anım Günü ilə bağlı dövlət başçısının və birinci xanımın iştirakı ilə keçirilən yüksək səviyyəli dövlət tədbirlərini xatırladan Q.Paşayeva, “Şəhidlərimizin əziz ruhu qarşısında bir daha dərin ehtiramla baş əyirik” deyib. Payız sessiyasının başlanması münasibəti ilə həmkarlarını təbrik edən Q.Paşayeva, parlament sədrinin Qazaxıstana səfərinə də toxunaraq, səfərin uğurlu keçməsi münasibəti ilə xanım sədri təbrik edib, ona yeni uğurlar arzulayıb. Komitə sədri daha sonra şəhid adlarının əbədiləşdirilməsilə bağlı danışıb. Q.Paşayeva bildirib ki, yalnız Tovuz rayonu 44 günlük Vətən Müharibəsində 70-dən artıq şəhid verib, ancaq onların adlarının əbədiləşdirilməsi məsələsi həllini tapmayıb. “Tovuz rayonunda çoxsaylı küçələr var ki, onların adı yoxdur. Mövcud qanunvericiliyə yenidən baxıb, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində addımlar atmaq olar” deyə millət vəkili bildirib. Q.Paşayeva Baş nazirə müraciət edərək bildirib ki, Tovuz Rayon İcra Hakimiyyətindən şəhid adlarının əbədiləşdirilməsi məsələsi ilə bağlı Nazirlər Kabinetinə müraciətlər ünvanlanıb. – “Çox xahiş edərdik ki, Zəfər Gününə qədər o müraciətlərə baxılsın. Zəfər Gününədək bu müraciətlərə baxılması çox yaxşı olar.” – Q.Paşayeva vurğulayıb. Q.Paşayeva başqa bir mövzuya – alimentlər mövzusuna da vurğu edərək, bildirib ki, bu halda uşaqlar əziyyət çəkir, qurban olur: “Alimentlərlə bağlı icra olunmayan məhkəmə qərarlarının sayı getdikcə artır. Alimentlərlə bağlı məhkəmə qərarlarının icrası prosesinə yenidən baxılmalıdır. Biz çox acınacaqlı durumlarla üzləşirik. Bu məsələ ilə bağlı dinləmə keçirə biləriksə, keçirək”. Komitə sədri icbari tibbi sığorta ilə bağlı da problem olduğunu söyləyib: “Artıq sonsuzluq getdikcə artır. Heç olmasa bir ailə dövlət hesabına bir dəfə süni mayalanma edə bilsin. Qanunun müzakirəsi zamanı cəmiyyətə də bu məsələnin paketə daxil olacağı açıqlanmışdı amma icbari tibbi sığorta paketinə daxil edilməyib. Limitlə də olsa, bu məsələ paketə daxil edilməlidir. Müvafiq qurumu da bu məsələyə yenidən baxmağa çağırırıq. Çünki övlada görə dağılmaq üzrə olan ailələrin sayı da yüzlərlədir”.