Qənirə Paşayeva şəhid ailələri ilə bağlı təkliflə çıxış etdi

Milli Məclisind Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Milli Məclisin bugünkü iclasında şəhid ailələri ilə bağlı vacib məsələlərə toxunub, mühüm təkliflərlə çıxış edib

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərək, bölgələrdə şəhid ailələrinin işlə təmin olunmasına önəm verməyin zəruriliyini xüsusi vurğulayıb. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsinə səs verəcəyini deyən Qənirə Paşayeva, bununla belə müəyyən həllivacib məsələlərə toxunub: “Mən bugünlərdə Tovuz rayonunda şəhid ailələri ilə görüşdüm. Demək olar, Milli Məclisdə də hər gün şəhid ailələrini qəbul edirik, dinləyirik. Qaldırılan məsələlərin çoxu işsizliklə bağlıdır. Nəzərə alaq ki, cənab Prezident ilk növbədə şəhid ailələrinə, ondan sonra isə qazilərə iş imkanı təmin edilməsini tapşırıb, göstəriş verib. Mən istərdim rayonlarda bu sahədəki vəziyyət monitorinq edilsin. Monitorinq edilsin, görək, neçə şəhid ailəsi işlə təmin edilib, neçəsi qalıb; təmin edilməyənlər nə üçün təmuin edilməyib? Harda iş yeri varsa, onu birinci haqq edən şəhid ailələridir, sonrakı yerlərsə qazilərə tanınmamlıdır. Dövlət başçımızın tapşırıq, göstərişləri bizimçün örnəkdir. Yerli icra hakimiyyəti orqanlarının rəhbərliyini bu məsələlərə fəal qoşulmağa dəvət edir, onlara çağırış edirəm. Doğrudur, müəyyən işlər görülüb; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istqamətdə işlər görür; ancaq hər bir sahibkar, dövlət qurumu da bu çağırışa qoşulmalıdır”. Qənirə Paşayeva Milli Məclisdə şəhidlərinin adının əbədiləşdirilməsi məsələsini də qaldırıb. O, vurğulayıb ki, rayonların qəsəbə və kəndlərində küçələrin çoxunun, demək olar, adı yoxdur və “Şəhidlərinin adlarını həmin küçələrə verərək əbədiləşdirmək mümkündür. Bu prosesi, sadəcə, asanlaşdırmaq lazımdır. Məktəbə yanaşma ilə küçəyə yanaşma arasında fərq qoyulmalıdır. Bir kənddə 1, 2, bəzən 6 şəhid var. Küçələrə həmin şəhidlərin adı verilsə, həmin ailələr də bundan razı qalar. Xahiş edirik ki, prosesin rayon daxilində həlli mexanizmi tapılsın ya da Nazirlər Kabineti bu prosesi sürətləndirsin”. Qənirə Paşayeva şəhidlərin təltif olunduğu orden və medalların onların ailələrinə təqdim olunmasının gecikdiyini, şəxsən Məclisdə təmsil etdiyi Tovuz rayonu sakinlərinin bu məsələ ilə bağlı ona müraciət etdiyini bildirib: “Mən bu məsələnin də həll olunmasını, Vətən Müharibəsi şəhidlərinə verilən orden və medalların şəhid ailələrinə təqdiminin tezləşdirilməsini xahiş edirəm”.