Qənirə Paşayeva şəhid ailələri ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Vüsal Şirinovun atası, Qusar rayonunun Ləgərqışlaq kənd sakini Novruz Şirinovla Milli Məclisdə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə Axıska Türklərinin “Vətən” İctimai Birliyinin başqanı İsmayıl Rəhimov, Birliyin Şimal bölgə başqanı Səlimcan Rizmanov iştirak edib.

Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş 18 yaşlı əsgərin atasına müraciət edən Q.Paşayeva, əsgərin döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, öz ürək sözlərini bölüşüb:

“İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərkən şəhid olan oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Vüsal kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Tanrımıza şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşmən ağır məğlubiyyətə uğradılıb. Bu tarixi zəfər münasibəti ilə Sizi, doğmalarınızı bir daha təbrik edir, vətənpərvər övlad böyütdüyünüz üçün Sizə təşəkkür edirik”!

Şəhid atasına Komitə adından Məktub və xatirə hədiyyələri təqdim edilib.

***

Qənirə Paşayeva Neftçala rayonu, Xolqarabucaq kənd sakini, Vətən müharibəsinin şəhidi Səid Zəfər oğlu Cəfərovun anası Könül xanım Cəfərova ilə də görüşüb, şəhidin döyüş yolu ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

“Əziz şəhid anası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş hərbçimizin anasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid hərbçimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Biz bilirik ki, hərbçi olmaq Səid Cəfərovun uşaqlıq arzusu olub. O öz arzusunu gerçəkləşdirərək, Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin Baş çavuşu olub. 2019-cü ildə qardas Türkiyədə Jandarma Komando Özəl Asayiş Komutanlığında kurs keçmiş, kursda fərqləndiyinə görə “Təqdir Bəlgəsi” ilə təltif edilmiş Səid Cəfərov, ölkədaxili təlimlərdə də həmişə fəal iştirak edərək fərqlənib, “Fəxri fərman”larla təltif olunub.

Vətən müharibəsinin ilk günündən döyüşlərdə olan Səid, Murovdağ, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Tuğ, Şuşa istiqamətində fədakarlıqla döyüşüb. Növbəti döyüş başlamadan öncə Səidin bacısına yazdığı “Əgər bu gün bu torpaqlar işğaldan azad edilməsə, gələcək nəsillər bizə nifrət edər!” ismarıncı onun vətəncanlılığını, hərbçi məsuliyyətini parlaq şəkildə ifadə edir.

Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Səid kimi Vətən oğullarının həyatının ədəbi, bədii əsərlərə mövzu olacağına inanıram. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycan tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik”!

Şəhid zabitin ailəsinə Mədəniyyət komitəsi adından Məktub və xatirə hədiyyəsi təqdim edilib.