Qənirə Paşayeva Türkiyədə Xocalı soyqırımından danışıb

54

 

Millət vəkili Qənirə Paşayeva İstanbul Türk Ocaqları ilə birlikdə Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılması məsələsini müzakirə edib.
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram ilə görüşüb. Millət vəkilini salamlamaqdan məmnunluğunu ifadə edən İstanbul Türk Ocaqlarının başqanı dr. Cezmi Bayram təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr və qarşıda duran vəzifələr barədə danışıb, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə əlaqələrin daha da inkişaf etməsinin məmnuniyyətverici olduğunu söyləyib. Azərbaycan ilə Türkiyənin qeyri-hökumət təşkilatları arasında da əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayan millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın inkişafı istiqamətində yeni layihələr barədə fikirlərini bildirib.
Deputat bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş tanıdılması, qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində iki ölkənin qeyri-hökumət təşkilatları, strateji araşdırmalar mərkəzlərinin birgə səylərini daha da artırması, qarşılıqlı əməkdaşlıq şəraitində birgə çalışmaları vacib və əhəmiyyətlidir. Görüşdə Türk Dünyasının ortaq tarixi, ədəbiyyatı, mədəniyyətinin gənclərə daha yaxşı öyrədilməsi istiqamətində, türk dünyasının böyük şəxsiyyətlərinin bütün türk dünyası bölgələrində daha geniş tanıdılması istiqamətində, özəlliklə Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş duyurulması istiqamətində iki təşkilatın birgə həyata keçirəcəyi layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İstanbul Türk Ocaqlarının başqanı dr. Cezmi Bayrama Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və müəllifi olduğu kitabları hədiyyə edib. İstanbul Türk Ocaqlarının başqanı dr. Cezmi Bayram isə millət vəkilinə onun fikir və məqaləsinin də əks olunduğu və “Bir fikir hərəkatının 100-cü ildöümü” kitabını hədiyyə edib.