Qənirə Paşayeva Xan Şuşinskinin ailəsi ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva və Xalq artisti Fikrət Verdiyevlə parlamentdə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə ictimai birliyin həyata keçirdiyi və planlaşdırdığı tədbirlər, yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb. 

Q.Paşayeva B.Verdiyevaya üzərində “Şuşa – Azərbaycandır!” yazılmış qol saatı bağışlayaraq, ürək sözlərini bölüşüb:

“Şuşa deyilincə yada düşən ilk adlardan biri Xan əminin adıdır. Bəyimxanım müəllimə, Siz onun övladı və Xalq artisti olan dəyərli həyat yoldaşınız Fikrət müəllimlə birgə Xan Şuşinski Fondu xətti ilə, sənətkarın irsinin qorunması, təbliğ olunması sahəsində öz xidmətlərinizi göstərirsiz. Sizin hər ikiniz tanınmış aydınlarımızsız, inanıram ki fondunuz vasitəsi ilə Mədəniyyət Paytaxtımız Şuşanın dirçəldilməsi işinə, bu il keçiriləcək “Xarıbülbül” festivalı və “Vaqif Poeziya Günləri”nə ictimai platformadan öz mənəvi dəstəyinizlə töhfə verəcəksiz. Özəlliklə, Xan əminin 120 illik yubileyinin bu ilə təsadüf etməsi də, Sizin Fondun üzərinə mənəvi məsuliyyət qoyur. İnanıram ki əlaqədar dövlət orqanları ilə sıx əməkdaşlıq ortamında sənətkarın yubileyinin, uyğun zamanda, onun adına layiq keçirilməsi üçün çalışacaqsız. Biz də, Mədəniyyət Komitəsi olaraq, yanınızdayıq”. 

Fond rəhbəri və Xalq artisti səmimi qəbul və ətraflı müzakirə imkanı üçün Q.Paşayevaya təşəkkür edib.