Qənirə Paşayeva “YAŞAT”dan yazdı

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “YAŞAT”dan yazıb.

XALQ.AZ həmin məqaləni təqdim edir:

Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev ötən gün bir sıra önəmli sənədlərə imza atıb. Özəlliklə, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını qeyd etmək istərdim. Dövlət-xalq birliyinin təntənəsini yaşadığımız 44 günlük Vətən Müharibəsindən sonra, bizə Zəfər yaşadanlar üçün “YAŞAT” Fondunun yaradılması məntiqli, arzulanan və könülləri şad edən bir hadisə oldu. Bəli, məhz hadisə oldu! Çünki ərazi bütövlüyümüzün müdafiəsi ilə bağlı yaralananların və şəhid ailələrinin sayı, onların qayğıları xüsusi həssaslıq, diqqət və əldə olan imkanların təxirəsalınmadan, ədalətli bölgüsünü  tələb edir; Bu sıradan bir məsələ deyil, burada, Fondun hüquqi statusunu, əhatə dairəsini, funskionallığını, Himayəçilik şurasının tərkibini nəzərə alsaq, görərik ki, dövlət başçısı ictimaiyyətin arzu-istəklərini ən münasib şəkildə təcalla etdirib. İmkanların ədalətli bölgüsü vurğusuna yenidən qayıdıb, yazmaq istərdim ki, müxtəlif vəzifələr daşıyan ayrı-ayrı məmurların bürokratlığından narazılıq edən yaxud hansısa işadamının kiməsə yardımının əhatə dairəsindən kənarda qalmış şəhid ailələrimiz, qazilərimiz olub. Buraya mənzil şəraiti yaxşı olmayan yaxud (mənəvi cəhətdən həll edilməsi arzulanan ancaq hüquqən həlli xeyli suallar, mürəkkəbliklər yaşadan) bank-kredit problemlərini də əlavə edə bilərik. Beləliklə, indi mürəkkəbliklər ASANa dönür, bürokratiya asanlaşır – meydanda “YAŞAT”dır!

“YAŞAT”ın yaradıldığı gün, Azərbaycan Ordusuna Yardım Fondu da yaradıldı. – “Hərbi qulluqçuların sosial müdafiəsini daha da gücləndirmək” vəzifəsi Fondun məqsədləri sırasındadır.

Cənab Prezidentin dünən imzaladığı digər sənəd – “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının və digər aidiyyəti qurumların informasiya sistemləri və ehtiyatları ilə bağlı idi. Başqa bir sənədsə, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunun təsdiqi ilə əlaqədardı. Bu sənədləri ona görə xatırladıram ki, “YAŞAT”ın hüquq müstəvisində də, mənəvi yanaşmalarda da yalnız olmadığını ifadə edim. Qeyd olunan ali dövlət sənədləri dövlətimizin sosialyönümlülüyünü, dövlət başçısının xalqın qayğı və ehtiyaclarına, ictimaiyyətdən gələn istək və arzulara, inkişafın doğurduğu yeni çağırışlara həssasisiyyətinin ifadəsidir. Bu ali dövlət sənədləri bird aha sübut edir ki, cənab Prezident hələ illər öncə “Mən bütün Azərbaycanlıların Prezidentiyəm” deyərəkən nə qədər haqlıymış.

Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü təmin etməsi, təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin azad olunması yeni gerçəklik yaradıb. Psixoloji durumumuz, xəlqi ovqatımız dəyişib, bir çox məsələlər yeni fazaya keçib – xalq şüurlu şəkildə də, şüuraltı ilə də Qələbəni yaşayır, ona uyğun davranır, ona uyğun münasibətlər formalaşır. İşğal və işğalçının özü bütün mənalarda keçmişdə qalıb.

Tarixi zəfər uğrunda döyüşlərdə hərbi qulluqçularımız əsl qəhrəmanlıq örnəyi, misilsiz rəşadət göstərib. İşğalçı düşmənə qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı hərbçilərimizdən qəhrəmanlıqla şəhid olanlar, sağlamlığını itirənlər olub. Şəhid olmuş 2783 hərbi qulluqçumuzdan 2723 nəfəri torpağa tapşırılıb. DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilən, itkin düşmüş hesab olunan hərbi qulluqçularımız var. İtkinlərimizin tapılıb ailələrinə məlumat verilməsi üçün müvafiq dövlət orqanlarımız zəruri təbdirlər görür. 1245 hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. Müharibədə iştirak etmiş və artıq tərxis olunmuş yaxud (tərxis olunacaq) hərbi qulluqçularımızın sayını da bura əlavə etsək və onların sırasında da “YAŞAT”ın əhatə dairəsinə düşəcək insanların olduğunu qəbul etsək, o zaman, “YAŞAT”ın adına layiq məsuliyyəti, miqyası və zərurəti daha da aydın olar.  

Əlbəttə, hərbi qulluqçularımızın, baş tacımız olan şəhid ailələrinin sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması müstəqil Azərbaycanda dövlət siyasətinin əsas tərkib hissəsidir. – Bu yöndə uyğun dəstək mexanizmləri formalaşdırılıb. Şəhid ailələrimizin, əziz Vətənimizin müdafiəsində iştirak edən qardaşlarımızın maddi-sosial durumunun daha da yaxşılaşdırılması vətəndaş cəmiyyətinin də diqqətində olub. Bu bizim dövlətin, xalqın xarakterindən irəli gəlir. Cənab Prezidentin imzaladığı Fərmanda da vurğulandığı kimi, xalqımız daim öz xeyirxahlığı, fədakarlığı, bir sözlə, insanlıq prinsiplərinə sədaqəti ilə seçilib. Vətəndaşlarımız təmənnasız kömək gələnəyinin ən gözəl örnəklərini yaradıb. Bu prinsiplər, belə gələnəklər davam və inkişaf edir. – Vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, işadamları, humanitaryönümlü qurum və quruluşlar şəhid ailələrinin və qazilərin zəruri yaşam ehtiyaclarının təmin edilməsinə, onların bir sıra sosial xərclərinin ödənilməsinə yardım etməklə yüksək həmrəylik nümayiş etdirir. Azərbaycan Böyük Vətən Müharibəsi günlərində bu qeyd etdiklərimizin nə dərəcədə gerçək olduğunu dost da, düşmən də gördü.

“YAŞAT” Fondu “şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə” yaradılıb.
“YAŞAT” əlçatan platforma olacaq.

Fond: respublikamızın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə sosial müdafiə sahəsində əlavə dəstək verilməsinə xidmət edəcək.

Bəlli olduğu kimi, Fondun vəsaitinin sərəncamçısı “ASAN Xidmət”dir. – Başda da vurğuladığımız kimi, məhz bu amil əlçatanlığı, operativliyi, ədalətliliyi, həsassılığı təmin etmək baxımından ən uyğun variantdır.

Və sonda: “YAŞAT” Fonduna 1 gün ərzində 1,5 milyon manat vəsait ianə edilib! Cəmi bir gün içində bu qədər vəsaitin ianə edilməsi qürurvericidir! Uca xalqımıza eşq olsun!

Şəhidlərimizin ruhuna əbədi ehtiram!