Qənirə Paşayevadan şəhid ailəsinə dəstək

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xanımı Nazilə Nudirəliyeva, övladları Pəri və Ömərlə görüşüb.


XALQ.AZ-ın məlumatına görə, komitə sədri deyib ki Qəhrəman şəhidimiz Zaur Nudirəliyevin və onun silahdaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub:

“Şəhid polkovnikimiz tarixi qələbəmiz münasibətilə təsis edilmiş, Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi olan Vətən Müharibəsi Qəhrəmanı adını alıb.

Qəhrəmanımız həmçinin “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı və bir sıra başqa medallarla təltif edilib.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər mü­nasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid ailələrinin üzvlərisiz.

Sizə çox minnətdarıq!

Sizi, gözəl övladlarınız Pərini, Öməri, bütün doğmalarınızı düşmən üzərində tarixi qələbə münasibəti ilə təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm!”.


Q.Paşayeva N.Nudirəliyevaya və şəhidimizin övladlarına Mədəniyyət Komitəsi adından məktub və üzərində “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.