Qərb hər vəchlə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasına mane olur

“İrəvan ABŞ və Fransanın hərbi qüvvələrini öz ölkəsinə gətirmək istəyir. Bunun üçün də Azərbaycanla sərhəddə hərbi-siyasi vəziyyəti gərginləşdirir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov  bildirib.

 

Onun sözlərinə görə,Qərb hər vəchlə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasına mane olur:

 

“Bildirim ki, sabah baş verəcək hadisədə bu gün onun əlamətləri olur. Xüsusilə vurğulayım ki, Ermənistan hakimiyyəti ötən ilin oktyabrın 23-də Fransa ilə hərbi-texniki əməkdaşlıq barədə saziş imzalayıb.

 

Bu sazişə əsasən əvvəlcə, Ermənistana “Bastion” tipli maşınlar çatdırıldı. Ondan sonra isə Paris ilə İrəvan arasında qısa və ortamənzilli raketlərin, eləcə də raketdən müdafiə sistemlərin satışı ilə bağlı razılıq əldə edildi. Eyni zamanda Ermənistan Yunanıstan ilə də hərbi-texniki sahədə əməkdaşlıqla bağlı saziş imzalayıb. Hindistandan da Ermənistana müxtəlif silahlar ötürülür.

 

Bu onu göstərir ki, Ermənistan bir yandan sülhdən danışır, digər yandan isə silahlanır. Ermənistan Baş naziri Nikol Paşinyanı Brüsselə dəvət edib ona təlimatlar verirlər. Qulağına pıçıldayırlar ki, qorxma yanındayıq. Ona deyiblər ki, həm ABŞ, həm də Avropa İttifaqı Ermənistana hərbi və maliyyə dəstəyi davam etdirəcək.

 

Bütün bu dəstək fonunda Ermənistan Azərbaycanla sərhədin Tovuz, Kəlbəcər, Laçın və Naxçıvan istiqamətində qoşun və hərbi texnika cəmləşdirir. Artıq bu bəradə məlumatlar öz təsdiqini tapıb. Bu ona dəlalət verir ki, Ermənistan Azərbaycana qarşı təxribata hazırlarşır, daha doğrusu, hazırlaşdırırlar. Burada məqsəd nə ola bilər?

 

Düzdür, Ermənistan Azərbaycanla müharibə aparmaq iqtidarında deyil. Bunun üçün heç bir imkanı yoxdur. Əsas məqsəd budur ki, Ermənistanın Azərbaycanla sərhəd ərazilərində fəlaiyyət göstərən Aİ-nın müşahidə missiyasının mahiyyətini dəyişdirməyə nail olsunlar. Yəni, tam hərbi missiyanın göndərilməsinə çalışırlar.

 

İrəvan belə qənaətə gəlib ki, Azərbaycanla növbəti hərbi qarşıdurma nəticəsində Ermənistan Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını tərk edəcək, öz ərazisində yerləşən rus hərbi bazasının çıxmasını tələb edəcək və sülhməramlı adı altında ABŞ və Fransanın hərbi qüvvələrini ölkəyə dəvət edəcək.

 

Bunu həyata keçirmək üçün sərhəddə hərbi insidentlərin baş verməsinə cəhd edirlər. Amma Ermənistan, eləcə də Qərb unutmasın ki, Azərbaycan çox güclü dövlətdir və Azərbaycanın qətiyyətli lideri var. Azərbaycan erməni tərəfinin istənilən addımına adevkat cavab verəcək”